Ötən ilin sentyabrında Hakimlər Komitəsinə sədr təyin olunan Frits Stuxlik "Futbol+" qəzetinə müsahibə verib.
Sportarena.az xəbər verir ki, avstriyalı mütəxəssis bir çox məsələlərə aydənləq gətirib:
- Üç aydan artıqdı Azərbaycandasız. Bu müddətdəki fəaliyyətinizi necə təsvir edə bilərsiz?
- Əlbəttə, bu aylarda olduqca məşğul idim. Başlanğıncda bəzi araşdırmalar aparmağa, həmçinin lazım olan dəyişikliklər etməyə məcbur idim deyə, vaxtımın çox hissəsini bunlara sərf etdiyimi deməliyəm.
- Nələri dəyişməyə nail olduz? Nə kimi yeniliklər etmisiz?
- Yenilikləri saymaqla qurtarmaz. Əvvəla onu deyim ki, artıq bütün təyinatlar bir neçə gün əvvəldən elektron poçt vasitəsi ilə göndərilir. Çempionat oyunlarındakı videogörüntülərdən istifadə edib hakimlər və hakim-inspektorlar üçün həftəlik sinif məşğələləri təşkil edirik. Televiziyadakı görüntülərin köməyi sayəsində hər oyunu daha geniş şəkildə təhlil edirik. Bir başqa yenilik hakimlərin özlərini qiymətləndirmə forması ilə bağlı etdiyimizdi. Məsələn, daxili və xarici yarışlardakı bütün hakimlər videogörüntülərdəki vəziyyətləri qiymətləndirib bizə göndərməlidilər. Beynəlxalq oyunlardan hazırlanan görüntülər hər həftə e-mail vasitəsi ilə onlara göndərilir və oyun qaydalarını bilmək üçün doğru izah verilir. Artıq hakim-inspektorların təyinat aldıqları oyunla bağlı raportları matç günü hakimlərin özlərinə göndərilir. Oyunu ən kiçik detalına qədər təhlil etmək üçün hakimlər və onların briqadaları ilə təkbətək görüşlərim olur. UEFA-nın müşahidə sistemini tətbiq etmək üçün hakim-inspektorlarla da söhbətləşirəm. Fiziki hazırlıq üzrə mütəxəssisin rəhbərliyi altında həftədə üç dəfə məşq kursları keçirilir. Bütün bunlarla yanaşı, premyer-liqada mübarizə aparan komandaların baş məşqçiləri və klubların prezidentləri ilə görüşməyə imkan tapdım.
- Maraqlıdı, bundan sonra nələri dəyişmək istəyirsiz?
- İlk növbədə istedadlılar, bu sənətə yeni başlayanlar və regionlarda olan hakimlər üçün inkişaf planı, başqa cür desəm, təhsil sistemi hazırlamalıyıq.
- Həll olunması vacib problemlər çoxdu?
- Problemlər haqda ayrı-ayrılıqda danışmaq istəmirəm. Əvvəlki sualınızın cavabında dediyim kimi, gələcəklə bağlı görməli olduğumuz müəyyən işlərin görülməsi vacibdi.
- Bir neçə gündən sonra hakimlər qış təlim-məşq toplanışı üçün Mingəçevirə yollanacaq. Siyahıda kimlərin yer alacağı məlumdu?
- Premyer-liqada və birinci divizionda olan bütün referilər, eləcə də laysmanlar bizimlə olacaq. Təbii ki, iki qrupa bölünmüş formada. Bundan başqa, xoş gələcək vəd edən bir neçə istedadlı hakimi də özümüzlə aparacağıq.
- Mingəçevir hazırlıq keçmək üçün əla məkandı, hər cür şərait var. Amma heç bir komanda bu şəhərə toplanış üçün yollanmır. Belədə işinizin çətin olacağını düşünmürsüz?
- Biz ora qazon üzərində məşq etmək və sinif çalışmaları etmək üçün gedirik deyə, yaradılan şəraitə söz ola bilməz. Hətta birdən-birə bir neçə futbol komandası gəlsə belə, oyun idarə etmək söhbəti olmayacaq. Bu dəqiqə əsas məqsədimiz nəzəri çalışmalar üzərində işləməkdi.
- Gələcək adına bizi təəccübləndirəcək və ya sürpriz kimi görünəcək hər hansı layihəniz varmı?
- Təbii ki, var. Nəzəriyyə ilə praktikanın qarışığından ibarət proqramı həyata keçirmək üçün sinifdəki məşğələlərdən və qazon üzərindəki çalışmalardan yararlanacağıq. Zamanla bütün bunlarla siz də tanış olacaqsız. Bəzilərini yenilik hesab edəcəksiz.
- Bizdə olan məlumata görə, premyer-liqada görməyə alışdığımız hakim-inspektorlar həm də birinci divizion görüşlərinə təyinat ala biləcək. Başqa liqaların olmadığını nəzərə alsaq, belə vəziyyətdə birinci divizionun hakim-inspektorları nə edəcək?
- Biz hakim-inspektorları liqalara görə ayırmırıq. Bir qrupumuz var və hər biri ora daxildi. Kimisə kimdənsə ayırmırıq. Necə ki, UEFA Çempionlar Liqası ilə Avroliqanı bir-birindən fərqləndirmir.
- Daha bir yeniliyiniz hakim-inpektor kimi təyinat alan şəxslərin vaxtilə hakimlik edənlərin olmasıdı. Hətta bu məqsədlə Fariz Yusifova da dəvət göndərmisiz. Bunu bildik. Bəs vaxtilə yan xətt hakimi olanların aqibəti necə olacaq?
- Vaxtilə hakimlik etmiş yoldaşlarla bu ilin payızından rəsmi əməkdaşlığa başlayacağıq. Hələ ki qrupumuz kiçikdi. Gələcəkdə ehtiyac yaranarsa, sıralarımızı genişləndirmək haqda düşünə bilərik. Mənim üçün ad önəmli deyil. İlk növbədə keyfiyyət axtarıram. Yaxın gələcək üçün məşqçilik sistemi yaratmaq istəyimiz var. Bu da 2019-un yayından tez olmayacaq. Həyata keçirə bilsək, keçmiş laysmanlara ehtiyac duyulacaq. Çünki hazırkı köməkçi-hakimləri də fərqli səviyyədə və düzgün istiqamətdə inkişaf etdirməliyik.
- Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovun oyunlarda hakim-inspektor kimi görünməməsi olduqca maraqlıdı. Siz təyinat vermirsiz, yoxsa təklifi geri çevirir?
- Geniş açıqlama vermədən sualınızı qısa cavablayacam. O keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb. Lakin bu, gələcəklə bağlı yekun qərar deyil.
- Hakimlər Komitəsinin tərkibində sizdən başqa dörd nəfər – Elçin Məmmədov, Anar Salmanov, Ömər Paşayev və Vüsal Əliyev yer alıb. Sırf sizin seçiminizin nəticəsiydi, yoxsa AFFA rəhbərliyi ilə məsləhətləşmədən sonra qərar qəbul olundu?
- Hər biri öz seçimim idi. Rəhbərliyə təklif etdim və qaydalara uyğun olaraq, İcraiyyə Komitəsinin dekabrdakı iclasında komitənin tərkibi təsdiqləndi.
- Komitənin əməkdaşları arasında Əliyar Ağayev də yer alıb. Ölkənin istedadlı hakimlərindəndi və gələcəyinə böyük ümidlər bəsləyirik. Sizə elə gəlmir ki, vaxtını əsasən hakimliyə ayırması daha məqsədəuyğun olardı?
- Əliyar komitənin əməkdaşlarından biridi və hansısa qərarların qəbul olunmasında iştirak etmir. Bəli, olduqca istedadlıdı. Beynəlxalq oyunlardan başqa, həm də UEFA-nın seminarlarında iştirak etməklə yadda qalıb. Yanvarın sonunda UEFA-nın top-hakimlərinin yığışacağı görüşdə iştirak edəcək. Ora elit kateqoriyanın hakimləri dəvət olunub. Yalnız məhdud sayda 1-ci kateqoriyaya aid referilər var ki, onlardan biri də Əliyardı.