"Neftçi" klubu ilə "Meqa Sığorta" arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTOLAR+VİDEO

19:53 10 Yanvar 2019

"Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.

 

Sportarena.az xəbər verir ki, ölkə futbolunun flaqmanı ilə sığorta bazarında liderlərdən olan "Meqa Sığorta” ASC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu gün "Bakcell Arena”da keçirilən tədbirdə "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, "Meqa Sığorta” ASC şirkətinin İdarə Heyətinin sədr müavini Uğur İbrahimli və Marketinq və PR idarəsinin müdiri Emil Quliyev, komandanın üzvləri, digər rəsmi şəxslər və mətbuat nümayəndələri iştirak ediblər. Tərəflər bir il yarımlıq müqaviləyə imza atıblar. Razılaşmaya əsasən "Neftçi” PFK-nın əsas və əvəzedici heyətinin oyun formasının arxa hissəsində "Meqa Sığorta” ASC-nın loqosu öz əksini tapacaq.


 

Kamran Quliyev tədbirdə çıxışı zamanı bu tərəfdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib: "Hörmətli qonaqlar və mətbuat nümayəndələri belə bir gündə klub olaraq sizlərlə birlikdə olmağımız çox xoşdur. Bu gün futbol ölkəmizdə ən kütləvi və ən çox maraq göstərilən idman növüdür. Klub olaraq güclənməyimiz və inkişaf etməyimiz üçün bu gün bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edirik. İnanıram ki, bu cür dəstəkləyicilərimiz daha da artacaq. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Sevindirici haldır ki, bu gündən "Meqa Siğorta” şirkəti ilə də belə bir əhəmiyyətli əməkdaşlığın başlanmasına nail olduq. Əminəm ki, bu gün imzalanan müqavilə hər iki tərəf üçün xeyirli olacaq və gələcəkdə də davam etdiriləcək”.


 

Sonra söz "Meqa Sığorta” ASC şirkətinin İdarə Heyətinin sədr müavini Uğur İbrahimliyə verilib: "Hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram. Bu gün bu tədbirdə iştirak etmək şirkətimiz üçün çox qururvericidir. "Neftçi” Azərbaycan futbolunun tarixidir və bu tarixdə öz adını yazmağa davam edir. Biz fəxr edirik ki, bu tarixin yazılmasında bizim də payımız olacaq. Şirkətimizin sosial məsuliyyət layihələrində idmana dəstək hər zaman mühüm yer tutub və məhz "Neftçi” ilə əməkdaşlığın əsas məqsədlərindən biri cəmiyyətimizi sağlam həyata yönləndirmək və futbolun kütləviliyini artırmaqdan ibarətdir. İnanıram ki, bu əməkdaşlıq hələ uzun müddət davam edəcək”.


 

Tədbirin sonunda "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və "Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Uğur İbrahimli xatirə şəkilləri çəkdirib, mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

 



Digər xəbərlər

Xəbər xətti