"Sabah"da ilk qolumu vurduğuma görə şadam. Artıq komandaya tam uyğunlaşmışam. Komanda yoldaşlarımla bir-birimizi meydanda yaxşı başa düşürük".
Sportarena.az xəbər verir ki, bu sözləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sabah" klubunun yeni transferi Rəşad Eyubov deyib. Ötən gün Qazaxıstanın "Tobol" klubu ilə yoxlama oyununda (2:2) fərqlənən 26 yaşlı yarımmüdafiəçi fikirlərini bölüşüb: "Oyun çətin keçdi. Yetərincə güclü və sanballı komandaya qarşı oynadıq. Deyə bilərəm ki, məşqdə çalışdıqlarımızın əksəriyyətini meydanda nümayiş etdirə bildik. Bu, yaxşı məqamdır. Lakin öz üzərimizdə hələ çox çalışmalıyıq. Düşünürəm ki, qarşıdakı matçlarda oyun keyfiyyətimizi bir az da artıracağıq".