Mövsümün ikinci yarısına Antalyada hazırlaşan "Sabah”ın baş məşqçisi Elşad Əhmədov Macarıstanın MTK klubu ilə görüşdən sonra fanat.az-a müsahibə verib.
Sportarena.az xəbər verir ki, çalışdırıcı hazırlıq və mövsümün ikinci yarısı barədə fikirlərini açıqlayıb.
- Elitada qalmaq uğrunda mübarizə apardığınızı dəfələrlə söyləmisiz. "Sabah” "Səbail”li, "Keşlə”li, "Zirə”li, "Sumqayıt”lı çempionatda sonuncu olmaq istəmir, yoxsa, bunu təvazökarlıq kimi qəbul edək?
- Çempionat başlayanda qarşımıza qoyulan məqsəd Premyer Liqada qalmaq idi. Amma çempionatın gedişində, xüsusilə, başlanğıcda daha çox xal qazandıq və gördük ki, yalnız elitadan düşməmək yox, bacardığımız qədər irəliləmək üçün mübarizə apara bilərik. Bütün iştirakçılara hörmətlə yanaşırıq. Başqalarının deyil, öz oyunumuz haqda fikirləşirik.
- Rəhbərliyiniz altında iki gənc – Şakir Seyidov və Emil Qasımov Premyer Liqa ab-havasını ilk dəfə duydu. Qışdan sonra buna bənzər addımlar olacaqmı? Elitaya qədəm basmağa layiq növbəti gənc namizədiniz var? Varsa kimdi?
- Klubumuzun strategiyasında gənc oyunçuları üzə çıxarmaq, onlara şans vermək əsas yerlərdən birini tutur. Çempionatın fasilədən əvvəlki hissəsində iki futbolçuya şans vermişik. Bununla kifayətlənmək fikrində deyilik. "Sabah”ın ikinci komandasında əsas komandada oynamağa daha çox namizəd var. Baxırıq, izləyirik, lazım gəldikcə şans vermək də planımızdadı. Öz üzərlərində çalışmalı, "artırmalıdılar”. Kimlərin bundan sonra Premyer Liqada debüt şansı qazanacağını zaman göstərəcək. Hər şey çempionatın gedişindən asılıdı.
- Təmkin Xəlilzadənin keçidi futbol ictimaiyyəti üçün bir qədər gözlənilməz alındı. Nəzərə alsaq ki, debütant avrokuboklara getməyəcək, deməli, bu addım medal arzusuna hesablanıb?
- Təmkini yayda transfer etmək istəyirdik. Yəni planımızda var idi. Özü ailə vəziyyətinə görə paytaxta mövsüm başa çatmamış gəlmək istədi. Buna görə də yayı gözləmədən, transferi reallaşdırdıq. İndiki duruma nəzər salsaq, medallar uğrunda mübarizə aparırıq. Qarşımıza belə tapşırıq qoyulmasa da, hər oyunda xal və xallar qazanmaq istəyirik.
- Rəşad Eyubovu hansı keyfiyyətinə görə heyətə qatdığınızı deyə bilərsiz? Bu yaşda hələ də potensialı açılmayıb. Yoxsa, ondan fərqli mövqeydə istifadə etmək planınız var?
- "Neftçi”dən ayrılma səbəblərinə şərh vermək mənim işim deyil. Hər məşqçinin futbolçu haqda öz fikirləri var. Eyubov da mövsümün sonunda heyətə qatmaq istədiyimiz futbolçulardandı. Öz mövqeyində seçilən oyunçulardan saydığımız üçün komandaya dəvət etmişik. Başqa ampluada sınamaq mövqeyində oynayacaq.
- Qış fasiləsinə 4-cü pillədə yollanan "Sabah” son matçlarda zəif görünürdü. Nəticələr də bunu söyləməyə əsas verir. Səbəb Marko Deviçin yoxluğu idi?
- Belə deyək, ikinci dövrədə təkcə Marko Deviç deyil, başqa futbolçularmız da zədələndi. Məsələn, Elşən Abdullayev də sıradan çıxdı. Nəticədə ehtiyat qüvvə azaldı, bir növ kasadlıq yarandı ki, bu da öz növbəsində nəticələrə təsirsiz ötüşmədi. Əziyyət çəkdik, yeddi oyundan ikisində qələbə qazandıq, birində heç-heçə etdik, dördündə uduzduq. İlk dövrəylə müqayisədə zəif təsir bağışladıq. Debütant üçün ikinci dövrənin yeddi oyununda 7 xal götürmək o qədər də bərbad nəticə deyildi. Ancaq son görüşlərdə pis oynadığımızı danmamalıyıq. Bu, ehtiyat oyunçular skamyasının kasadlığından irəli gəlirdi.
- Eşitdiyimizə görə, Marko Deviç yayda sizinlə vidalaşacaq. Nə dərəcədə doğru məlumatdı?
- Yanlış məlumatdı. Deviç heç yerə getmir. Bizimlə 2 illik müqaviləsi var. Komandaya yaxşı uyğunlaşıb və liderlərdən biridi.