Millinin məşqçisi kim olsun? - YAZI

12:54 22 Yanvar 2019

Ötən il dekabrın 8-də AFFA İcraiyyə Komitəsinin məlum qərarı ilə Qurban Qurbanovun yığmadan getməsi, yaxud göndərilməsindən sonra onun yerinə əcnəbi mütəxəssisin gətiriləcəyi məlum idi. Federasiya A millini kimə etibar edəcək? Güman ki, yaxın günlərdə bu suala aydınlıq gələcək. Martda 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizəyə başlayacaq komandamız hələ də başsızdır. AFFA ölkə xaricində məşqçi axtarışındadır. Əsas milli bir yana, U-15 və U-17 millilərimiz də hələki yiyəsiz qalıb. Bu dəfəki yazıda əsas deyil, məhz aşağı yaş millilərdən bəhs edəcəyik. 

 

Öz məşqçilərimizə inam azdı

 

Qurban Qurbanovun gedişi ilə aşağı yaş qrup millilərin də məşqçiləri ilə müqavilələrə xitam verildi. Onların kimlər tərəfindən əvəzlənəcəyi böyük maraqla gözlənilirdi. Əvvəl-əvvəl komandaların hamısının əcnəbi mütəxəssislərə tapşırılacağı barədə xəbərlər dolaşdı. Sonradan yalnız U-21 yığmamızın sükanı əcnəbiyə verildi. Serb Milan Obradoviç bu vəzifəyə təyin olundu. Bu, idman mediasında və futbol ictimaiyyətində heç də birmənalı qarşılanmadı. Əksəriyyət təyinatdan narazı qaldı. Əsas 2 səbəbə görə. Birincisi, Obradoviç hansısa nailiyyəti ilə tanınmayıb. Ən böyük uğuru ötən ilin yayında Rusiyada keçirilmiş dünya çempionatında iştirak edən Serbiya yığmasının baş məşqçisi Mladen Krstaiçin köməkçisi kimi işləməsidir. Yəni, Avropa üçün sıradan bir məşqçidi. İkincisi, özümüzdə də Obradoviçdən zəif olmayan təcrübəli məşqçilər az deyil. AFFA-nın saytında məşqçilər haqqında məlumat var. Təkcə Pro kateqoriyalıların sayı 30-a yaxındı. Əksəriyyəti bu kateqoriyalara Azərbaycanda layiq görülüblər. Başqa sözlə, «pro»nu onara AFFA verib. Məşqçi savadına, bacarığına, təcrübəsinə və s. görə. Bu qədər «pro» ola-ola AFFA-nın U-21-i əcnəbiyə tapşırması bir qədər məntiqsiz görünür. Belə çıxır ki, Obradoviç bu məşqçilərin hamısından 1 baş üstündür? Əsas millini bir kənara qoyaq, bu boyda məmləkətdə ikinci yığmanı tapşırmağa məşqçi yoxdur? Sadəcə, özümüzünkülərə inam azdı. 

 

3 millinin ləğvi səhv qərardı

 

Bir qədər də «aşağı» düşək. Bir neçə gün əvvəl Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov medaiya açıqlamasında U-20, U-18 və U-16 komandalarının ləğv olunması ilə bağlı xəbər verdi. Fikrimizcə, AFFA-nın növbəti yanlış qərarı bu idi. Niyə? Səbəbini izah edək. Bu millidə çıxış etməli olan futbolçular uyğun olaraq əsasən Gənclər Liqası, U-17 və U-15 liqalarında oynayırlar. Həmin liqaların səviyyəsinin çox aşağı olması sirr deyil. Gənclər Liqasında 8, U-17 Liqasında 12, U-15 Liqasında isə cəmi 14 komanda iştirak edir. Üstəlik, oyunların sayı da azdır. İl ərzində yenə də uyğun olaraq 21, 22 və 26 oyun keçirdikləri (keçirəcəkləri) məlumdur. Oyun sayının az, səviyyənin aşağı olduğu çempionatlarda millinin üzvləri praktika və səviyyəli oyunların azlığı sarıdan problemlərlə üzləşirlər. 1-2 klubu çıxmaq şərtilə qalanları aşağı yaş qrup komandalarını beynəlxalq turnirlərə və təlim-məşq toplanışlarına göndərmədikləri üçün oyunların sayı da artmır, beynəlxalq təcrübə də yüksəlmir. 

 

Digər tərəfdən, ötən il U-17 millisinin heyətində oynayan futbolçular U-18 millisi ləğv olunduğu üçün 1 il gözdən-könüldən uzaq düşəcəklər. Doğrudur, onların bir neçəsi 2002-01-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş və Samir Əliyevə tapşırılmış yeni U-19 millisinə dəvət alacaq. Bəs qalanları? Yeni gərmişkən, bu yerdə AFFA-nı alqışlamaq lazımdı. Sözügedən millini yerli mütəxəssisə tapşırdığı üçün. 

 

Eyni vəziyyət ötən il Vüqar Məmmədin rəhbərliyi altında mərhələ adlamış U-19 yığmasındadır. Martda Avropa çempiontanın elit-raundundan sonra 2000-ci il təvəllüdlü futbolçular havada qalacaqlar. Yenə də onlardan bəziləri U-21-ə çağırılacaqlar. Bəs qalanları? 

 

Daha ağır günlər U-16 millisində oynamalı olan futbolçuları gözləyir. Bu millidə oynamalı olan 2004-cü il təvəllüdlü futbolçular 2020-ci ildə U-17 millisi olacaq və  Avropa çempionatının birinci mərhələsində mübarizə aparacaqlar. Heç bir toplanış görməyən, yalnız liqa oyunlarının ümidinə qalan «2004»lər hansı hazırlıqla həmin turnirdə nəticə göstərəcəklər? Heç olmasa U-16 millisini saxlamaq vacib idi. Uşaqları bu il 3-4 toplanışa yığmaqla həm seleksiya işi aparılardı, həm də milli, beynəlxalq praktikaları artmış olardı. 

 

3 komandanın ləğvini maliyyə ilə birbaşa bağlamaq düzgün olmaz. Əgər pul yoxdursa, o halda Obradoviçin təyinatı necə oldu? Məlum məsələdir ki, AFFA həmişə millidə işləyən məşqçilərə gəlmələrlə müqayiəsədə xeyli az məvacib ayırıb. Əsas milliyə axtarılan namizədə də yəqin ki, kifayət qədər yüksək maaş təklif olunacaq. Deməli, problem pulla bağlı deyil.

 

Başsız qalan milllilər

 

Əsas milli ilə yanaşı U-15 və U-17 milliləri də başsız qalıb. Bizdə olan məlumata görə, U-15 böyük ehtimalla əcnəbiyə tapşırılacaq. U-17 isə… Bir müddət əvvəl mətbuatda 17 yaşlıların Vüqar Məmmədə tapşırılması ilə bağlı xəbərlər dərc olundu. Sonradan nə oldusa, AFFA təyinatın rəsmiləşməsi ilə bağlı ictimaiyyəti məlumatlandırmadı və qərarın rəsmiləşməsini sonraya saxladı. Səbəb nədir? Güman ki, Vüqar Məmmədin hazırda «köhnə» U-19 yığmasının baş məşqçi postunda olması və komandanı martın 20-dən 26-a kimi Rusiyada keçiriləcək Avropa çempionatının elit-raunduna hazırlaşdırması əsas səbəbdir. Təyinat indiyə qədər açıqlansaydı, ictimaiyyət arasında heç də birmənalı qarşılanmayacaqdı. Üstəlik, Vüqar Məmməd üçün əlavə qayğılar ortaya çıxacaqdı. U-19-un hazırlığı ilə yanaşı U-17-nin də formalaşdırılması gənc məşqçinin işini artıracaqdı ki, bu da U-19 yığmasının martdakı turnirdəki çıxışına mənfi təsir göstərə bilər. Həmin məqamda başqa məşqçinin U-17 yığmasına gətirilməsi isə Vüqar Məmmədin həvəsdən düşməsinə səbəb ola bilərdi. Onda «onsuz da nəticə qazanıb-qazanmamağımdan asılı olmayaraq, işsiz qalacam» fikri yarana bilərdi. Doğrudur, Vüqar Məmmədi şəxsən tanıdığım, işinin peşəkarı olduğunu bildiyim üçün bu fikri özümə yaxın buraxmıram. Amma hər halda insanıq. 

 

Kimə güvənmək olar?

 

U-15 və U-17 millilərinə kim təyin olunsa, yaxşıdı? Birmənalı şəkildə bu millilər yerli mütəxəssisə tapşırılmalıdır. Hansılar ki yüksək məşqi kateqoriyasına, beynəlxalq təcrübəyə və ən əsası aşağı yaşlılarla iş təcrübəsinə malikdilər. Belə məşqçilərimiz varmı? Əlbəttə var. Misal üçün bir neçəsinin adını çəkək. Uzun müddət aşağı yaş millilərdə çalışmış və hazırda «Sabah»ın akademiyasında koordinator işləyən pro kateqoriyalı Təbriz Həsənovla «Neftçi»nin əvəzedici komandasını çalışdıran Mahmud Qurbanov. İndiki vəziyyətdə AFFA-nın bu məşqçilərlə yenidən birgə çalışması o qədər də inandırıcı deyil. Səbəblərini sadalasaq, yazı xeyli uzanacaq. Eyni fikir və bir qədər fərqli səbəblər bir vaxtlar «Zirə»nin əsas komandasını çalışdırmış, bu klubun uşaq-futbol məktəbinin rəhbəri olmuş və az əvvəl «Şüvəlan»a baş məşqçi təyin edilmiş Adil Şükürova da aiddi. Arif Əsədovun U-17-ə təyin olunacağı barədə mediada xəbərlər dolaşırdı. Lakin Arif müəllim mətbuata açıqlamasında xəbəri təkzib etdi. Amma bu təyinat gerçəkləşsəydi, 2 yş qrupundan biri ona həvalə edilsəydi məntiqli olardı. Çünki Arif müəllim həm uşaq futbolundan az-çox xəbərdardır, həm də böyük məşqçi təcrübəsinə malikdir və s. Qısası, bütün kriteriyalara cavab verir.  

 

Pro kateqoriyalı məşqçilərimizin siyahısına nəzər salsaq, bir qismi AFFA və klublarda vəzifə sahibirlər, bir qismi Premyer Liqa və 1-ci Divizion komandalarında baş məşqçidirlər, bir qisminin uşaq futbolundan sadəcə, xəbəri yoxdur, bir qismi isə yaşlıdırlar və federasiyanın «gənclərə şans vermək lazımdır» fikrinə uyğun gəlmirlər. Az sayda məşqçi var ki, U-15 və U-17 millilərimizə uğur qazanmaqda kömək edə bilər. Bəzilərinin adlarını çəkdik, bəziləri isə təəssüf ki, «balacalar»la işləməyi özlərinə ayıb bilirlər. Maraq üçün qeyd edək ki, yığmada işləyə biləcək A kateqoriyalı, beynəlxalq təcrübəyə malik və uşaq futbolundan xəbəri olan məşqçilərimiz də az deyil. Əminik ki, AFFA-nın siyahısında hər birinin adı olub və ayrı-ayrılıqda incələnib. Kimin nəyə görəsə milliyə uyğun gəlib-gəlməməyinə isə deyə bilmərik. Əsas istəyimiz odur ki, U-15 və U-17 millilərimizə yerli məşqçi təyin olunsun. İndiki halda bu postlardan birinə, daha dəqiq U-17 millisinə namizəd olan Vüqar Məmməd daha şanslıdır. AFFA başbilənləri bunu Vüqar Məmmədin gənc, istəkli olması, U-19 yığması ilə müəyyən uğur qazanması ilə bağlaya bilər. Fikrimizcə, ən böyük bağlantı Vüqar Məmmədin 2 il əvvəl U-17 millisini təşkil edəcək 2003-cü il təvəllüdlü futbolçularla bir yerdə işləməsidir. Deməli, «2003»ləri yaxşı tanıyır, potensiallarına bələddi, 2 il əvvəl olduğu kimi qısa zamanda U-17-ni oktyabrdakı vacib turnirə hazırlaya bilər. Əgər AFFA həqiqətən bu təyinatda maraqlıdırsa, qalır işin rəsmi tərəfi. Marta kimi U-17 millisinə baş məşqçi təyin olunmasa, böyük ölçüdə bu post Vüqar Məmmədə tapşırılacaq.  Təyinatının gecikmə səbəbini isə bir qədər yuxarıda izah etdik. 

 

Nəzərə alaq ki, U-17 millimizi payızda Avropa çempionatının birinci seçmə mərhələsi gözləyir. Komandamız Almaniya, Yunanıstan və Qazaxıstanla eyni qrupda yer alıb. Yarım ildən bir qədər artıq vaxtda futbolçuları tanımaq, seçim aparmaq, komanda formalaşdırmaq əlavə vaxt itkisi deməkdir. Belə bir vəziyyətdə çətin rəqiblər önünə komanda çıxarmaq heç kimə asan gəlməsin. Bu mənada əcnəbi məşqçinin gətirilməsi işin ziyanına ola bilər. İndiki vəziyyətdə aşağı yaş millilərin gəlmə məşqçiyə deyil, yaxşı, uzunmüddətli inkişaf proqramına ehtiyacı var. Məhz bu məqamda əcnəbiyə güvənmək olar. Uşaq futbolunda böyük təcrübəyə malik, xarici ölkə klublarının akademiyalarında uğurlar qazanan, aşağı yaş millilərin inkişafı üçün hazır proqramı olan mütəxəssisə həqiqətən ehtiyacımız var. Daha Lippert kimisinə yox. Pula şirniklənərək böyük vəd verən gəlmələr liqaların oyunlarını izləyəndə, Gəncədəki, Masallıdakı, İmişlidəki stadionları görəndə, uşaq futbolundakı problemlərlə tanış olanda vədlərinə xilaf çıxacaqlar. Bax, onda gec olacaq. Nə qədər ki, gec deyil, kənarda məşqçi axtarmaq deyil, liqaların səviyyəsini qaldırmaq, uşaq futbolunu bölgələrə daşımaq, meydanların vəziyyətini düzəltmək və s. vacib işləri görmək lazımdır. Əcnəbi məşqçi Azərbaycana gələndə özü ilə stadion, komanda, futbolçu gətirəsi deyil ki? Qısası, ayıbımıza kor olsaq, yaxşıdır! 

 

İlqar TAĞIEYEV
«Het-trik news» qəzeti


Digər xəbərlər

Xəbər xətti