Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportarena.az xəbər verir ki, tədbir Türkiyənin İstanbul şəhərində təşkil olunub.
Yarışda iştirak edəcək 24 komanda püşklə 4 qrupa bölünüb. Bu yığmalardan 4-ü püşksüz qruplara ayrılıb. Söhbət bu il avqustun 23-dən sentyabrın 8-dək keçiriləcək çempionatın ev sahiblərindən gedir. Belə ki, Macarıstan, Polşa, Slovakiya və Türkiyə fərqli qruplara bölünüb. Digər 20 komanda isə püşkə görə qruplara ayrılıb.
AVRO-2017-də göstərdiyi nəticəyə görə növbəti çempionata vəsiqə əldə edən Azərbaycan millisi püşkatmada 3-cü səbətdə qərarlaşıb. Püşkün nəticəsinə görə, komandamız C qrupuna düşüb. Qızlarımız 1/8 final uğrunda Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya ilə yarışacaq.
A qrupu
Türkiyə
Serbiya
Bolqarıstan
Fransa
Finlandiya
Yunanıstan
B qrupu
Polşa
İtaliya
Belçika
Ukrayna
Portuqaliya
Sloveniya
C qrupu
Macarıstan
Hollandiya
Xorvatiya
Azərbaycan
Rumıniya
Estoniya
D qrupu
Slovakiya
Rusiya
Almaniya
Belarus
İspaniya
İsveçrə
Qeyd edək ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən yarış yeni formatla baş tutacaq. Qrup mərhələsində ilk 4 yeri tutanlar 1/8 finala yüksələcək.