Sənan Qurbanov: "Qəbələ" çempionata tam hazırdır"

11:22 27 Yanvar 2019

"Əlverişsiz hava şəraitinə görə oyunun təxirə düşməsindən ehtiyatlanırdıq. Bundan əvvəl keçirilməli olan "Fakel”lə matç baş tutmamışdı. Belə olması planlarımıza daxil deyildi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib. Əyalət təmsilçisi bu gün Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununda MTK (Macarıstan) ilə qarşılaşıb. "Qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsi ilə başa çatan matç barədə fikirlərini açıqlayan S. Qurbanov komandasından razı qalıb:

 

"Sevindirici haldır ki, qarşılaşma baş tutdu. Futbolçuların verilən tapşırığı maksimum yerinə yetirməyə çalışması da sevindirici məqamdır. Hərçənd oyunun keçirilməmək ehtimalı onların konsentrasiyasına təsir etmişdi. Baş tutan oyundan tam razı qala bilərik. Bütün futbolçulara da şans verdik. Yaxşı oyun alındı. Artıq qarşıdakı görüşə hazırlaşacağıq”.

 

Qurbanov mövsümün ikinci yarısının hazırlıqlarını da dəyərləndirib: "Bakıda bir həftəlik proqramı yerinə yetirdik. Razı qaldığımı deyə bilərəm. Antalyada isə iki həftəlik proqram üzrə çalışdıq. "Fakel”lə baş tutmayan oyunu çıxmaq şərtilə həm Bakı, həm Antalyadakı toplanış bizim üçün əlverişli oldu, bundan yaxşı faydalandıq. Ən əsası isə toplanışı zədəsiz başa vurduq. Ayın 3-də başlayacağımız mövsümün ikinci yarısına tam heyətlə hazırlaşa biləcəyik. Komanda fiziki və psixoloji cəhətdən tam hazırdır".


Digər xəbərlər

Xəbər xətti