Ayxan Abbasov: “Onların istəkləri məni qane etdi”

11:55 27 Yanvar 2019

"Bu gün iki oyun keçirmək istəyirdik. Fikrimiz hər kəsə 90 dəqiqə şans vermək idi. Birinci oyun hava şəraitinə görə 45 dəqiqə çəkdi. Meydanda olan futbolçular bu müddətdə yaxşı təsir bağışladılar”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.

 

Antalya hazırlıqları çərçivəsində əvvəlcə Almaniya təmsilçisi "Optik”lə qarşılaşan, ancaq hava şəraiti səbəbindən cəmi bir hissə davam edən oyundan sonra "kimyaçılar” Sebiya "Zemun”una qalib gəlib.

 

Klub saytına danışan Abbasov hər iki qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "İkinci oyundakı rəqibimiz də kifayət qədər yaxşı klub idi. Oyun planlaşdırılan yerdə baş tutmadı, çətinliklə Manavgat stadionuna gəldik. Qarşılaşmaya gəldikdə isə, maraqlı oyun keçdi. Dünənki ağır məşqdən sonra keçirilən matçın sonunda futbolçularımdan razı qaldım. Onların qələbə qazanma istəkləri məni qane etdi. Şükürlər olsun ki, toplanışı qələbə ilə başa vurduq. Bakıya qayıtdıqdan sonra bəzi səhvlərimizi aradan qaldırıb, "Qəbələ” ilə qarşılaşmaya tam hazır olmağa çalışacağıq”.

 

Qeyd edək ki, "Optik”lə oyunun ilk hissəsi 0:1, "Zemun”la matç isə 2:1 hesabı ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti