Azərbaycan millisinin baş məşqçi postuna əsas namizəd müəyyənləşib. Qurban Qurbanovun istefasından sonra boş qalan posta böyük ehtimalla italiyalı Anjelo Alessio gətiriləcək.
Sportarena.az matç.az-a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis ötən həftə Bakıya gəlib və AFFA-nın inzibati binasında assosiasiya rəhbərliyi ilə görüşüb. Tərəflər arasında danışıqların ilkin mərhələsi onun yığmamızın “sükanı arxası”na keçmək ehtimalını artırıb. Görüş paytaxt restoranlarının birində şam yeməyi ilə yekunlaşıb.
Yığmamızın baş məşqçi postuna əsas namizəd olan italiyalı məşqçilik karyerasına 1998-ci ildə başlayıb. 6 il “Napoli”nin müxtəlif komandalarında çalışan Alessio sonradan “İmolese” (2004-05), “Massese” (2006-07) və “Spal”da (2008) baş məşqçi olub.
İtaliyalı mütəxəssis daha çox məşhur həmyerlisi Antonio Kontenin köməkçisi kimi tanınır. O, son 8 ildə bu mütəxəssisin köməkçisi olub. Alessio 2010-11-ci illərdə "Syena", 2011–14-cü illərdə "Yuventus"da, 2014-16-cı illərdə İtaliya millisində, 2016-18-ci illərdə isə İngiltərə "Çelsi"sində Konte ilə çalışıb. 2012-ci ilin oktyabrından dekabra qədər isə “Yuventus”da baş məşqçi əvəzi olub. O, arxada qalan müddətdə 3 dəfə İtaliya, 1 dəfə İngiltərə çempionu olub, vətənində 2 Superkubok qazanıb.
Məşqçilik fəaliyyətindən öncə isə Alessio İtaliyanın müxtəlif klublarında çıxış edib. Sabiq yarımmüdafiəçi “Avellino” (1984-87 və 1997), “Yuventus” (1987-92), “Bolonya” (1988-89, icarə), “Bari” (1992-95), “Kosensa” (1995-97) və “Modena” (1998) klublarında forma geyinib. Alessio “Yuventus”un futbolçusu kimi UEFA kuboku və İtaliya kubokunu başı üzərinə qaldırıb.