"Zirə" 266 gündən sonra doğma arenada

15:00 1 Fevral 2019

Topaz Premyer Liqasının XV turunun “Sabah”la görüşü “Zirə” üçün əlamətdar olacaq. “Qartallar” 2018/19 mövsümündə ilk dəfə ev oyununu doğma arenada keçirəcək. Belə ki, fevralın 2-dəki görüş Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.


Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, arenada aparılan təmirlə əlaqədar olaraq paytaxt klubu mövsümün ilk yarısında rəqiblərini fərqli stadionlarda qəbul etməli olurdu. “Qartallar” 5 çempionat və 1 kubok oyununu “Dalğa Arena”da keçirməli olubsa, “Bakcell Arena” və “AZAL Arena”nın hərəsində bir Premyer Liqa matçına ev sahibliyi edib.


“Zirə”nin doğma stadionundakı son oyunu 2017/18 mövsümünə təsadüf edib. Qəsəbə təmsilçisi 2018-ci il mayın 12-də baş tutan son ev matçında “Kəpəz”i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. 266 gündən sonra Zirə İdman Kompleksinin stadionuna çıxacaq “Qartallar”ın bu arenadakı son qollarına Riçard Qadze və Tellur Mütəllimov imza atıb.


Qeyd edək ki, “Sabah”la görüş "Zirə"nin doğma stadionunda 64-cü oyunu olacaq. “Zirə” indiyədək Premyer Liqada 46, Azərbaycan kubokunda 4, Birinci divizionda 13 dəfə rəqiblərini bu arenada qəbul edib.


Digər xəbərlər

Xəbər xətti