Azərbaycan Futnet Federasiyasının (AFNF) İcraiyyə Komitəsinin iclası keçirilib.
Qapalı iclasda öncə AFNF-nin baş katibi Əfqan Həmzəyev 2018-ci ildə görülmüş işlər barəsində məlumat verib.
Sonra federasiyanın prezidenti Vüqar Xəlilov İcraiyyə Komitəsinə yazılı şəkildə istefasını təqdim edib. O, işlərinin çox olduğunu və federasiyaya lazımi vaxt ayıra bilmədiyi üçün istefa verdiyini bildirib.
Daha sonra İcraiyyə Komitəsinin üzvlüyünə boş qalmış yerlərə səsvermə ilə yeni üzvlər - “Max Holding”in rəhbəri Kamran Məmmədov və ictimai işlərdə fəallığı ilə seçilən, media sahəsində yetərincə təcrübəyə malik olan Ziya Xəlilov seçilib.
Azərbaycan Futnet Federasiyasının 2019-cu il üçün tərtib olunmuş Tədbirlər Planı təsdiqlənib.
İcraiyyə Komitəsi teqbol idman növünün də gələcəkdə Azərbaycan Futnet Federasiyasının tərkibinə qatılmasının mümkünlüyünü araşdırmağı məsləhət görüb, 2019-cu ildə keçiriləcək beynəlxalq turnirləri və ölkə çempionatını geniş müzakirə edib.
Sonda fevral ayında federasiyanın hesabat seçki konfransının keçirilməsi qərara alınıb.
Qeyd edək ki, fevralın 8-9-da futtennis üzrə ölkə çempionatı keçiriləcək. Fevralın 6-da isə çempionatın püşkatması olacaq. Oyunlar “Marafon İdman Klubu”nda təşkil ediləcək.