“Neftçi”dən ayrılıb Cənubi Koreyanın "Daequ” klubuna keçən braziliyalı vinger Dario Federikonun Azərbaycan klubundan narazılıqla ayrıldığına dair xəbərlər gəzir.
Sportarena.az xəbər verir ki, “Qafqazinfo”ya danışan “sambaçı” bunu təsdiq edib.O bildirib ki, həqiqətən “ağ qaralar”la aralarında narazılıq olub:
““Neftçi” ilə aramızda narazılıq oldu. Mən yaxşı təklif almışdım və getmək istəyirdim. Amma onlar məni buraxmırdılar. Həqiqətən əsəbiləşdim və müəyyən narazılıq yarandı. “Neftçi”nin idman direktoru Ceyhun Sultanovun xarakteri yoxdur. Çünki biz razılıq əldə etdik, amma o, razılaşmaya əməl etmədi. Lakin mən istədiyimi həyata keçirdim və klubdan ayrıldım”.
Qeyd edək ki, Dario Federiko 2018/2019-cu illərdə “Neftçi”də çıxış edib. O, meydana çıxdığı 14 oyunda 3 qolun müəllifi olub.