"Neftçi"nin yeni transferi Canluka Sansone Azərbaycan Premyer Liqasının 16-cı turunda "Keşlə" ilə matçda debüt etdi. 31 yaşlı hücumçu Azərbaycan çempionatları tarixində oynayan ilk italiyalı futbolçu oldu.
Sportarena.az xəbər verir ki, oyundan sonra Sansone fikirlərini bölüşüb. O, öncə oyunla bağlı danışıb:
- Gözlədiyim kimi, yaxşı qarşılandım. İstədim ki, özümü yaxşı tərəfdən göstərim. Bu gün yaxşı oyun nümayiş etdirdik və qələbə qazandıq.
- Meydana daxil olanda fəal idin. Tez uyğunlaşmısan, yoxsa bu təcrübəndən irəli gəlir?
- Komanda ilə birgə məşq etdiyim üçün futbolçuları artıq tanıyıram. Ona görə də bir-birimizi yaxşı başa düşürük. Onu deyim ki, növbəti matçlarda bir-birimizi daha yaxşı anlayacağıq.
- Özünü əsas heyətdə görürsən?
- Bu sual baş məşqçiyə ünvanlanmalıdır. Biz futbolçular məşqimizi edirik, son qərarı isə baş məşqçi verir. Mənim üçün çox fərq etmir ki, start heyətdə oyun başlayım və ya oyuna sonradan qoşulum. Əsas odur ki, daim hazır vəziyyətdə olum, komandaya fayda verim.
- İtaliya A Seriyasında çıxış etmiş futbolçu kimi Azərbaycana gəlməyi geriyə addım kimi hesab etmirsən?
- Deyərdim ki, geriyə addım atmamışam. Azərbaycan çempionatı irəli gedir və güclü çempionatlardan təcrübə toplayır.
- İtaliya mətbuatı ən qəribə üç transferi açıqlayıb. Sənin “Neftçi”yə gəlməyin də siyahıdadır.
- Ola bilsin ki, bunu belə adlandırıblar. Mən Azərbaycan Premyer Liqasında oynamış ilk italiyalı futbolçuyam. Buna görə də böyük səs-küy yaranıb. Hər yayılan xəbərin neqativ və pozitiv tərəfləri olur. Mən bunu pozitiv qarşılayıram.
- Çempionluq mübarizəsi barədə necə düşünürsən?
- Hər oyun bizim üçün vacibdir. 3 xal öndəyik. Çalışacağıq ki, hər oyun qalib gələk və xal fərqini qoruyaq.