"Stadiona gələn azarkeşlər maraqlı futbol izlədilər. Qapımızda iki qol görmüşüksə, bu, səhvlərimizdən xəbər verir. Ancaq yetirmələrimin oyunundan razıyam".
Sportarena.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XVI tur matçından sonra deyib.
Baş məşqçi oyunla bağli fikirlərini bildirib: "İki top buraxmışıqsa, səhvlərimizin olmasından xəbər verir. Bunları təhlil edəcəyik. Qarşıda bizi maraqlı mübarizə gözləyir. Bəzən yaxşı oyunla da qələbə qazanmamaq olur. Əksinə, oyun planında istədiklərini edə bilməyib, qalib gəlməyin də mümkündü. Konsentrasiya üzərində dayanmalıyıq. Görünür, hardasa boşluğa yol vermişik. "Səbail" yeni klubdu. Keyfiyyətli oyun göstərmək və qələbə qazanmaq üçün zamana ehtiyacımız var".
Hacıyev Elvin Yunuszadənin qırmızı vərəqə aldıqdan sonra da meydaçanın ərazisini tərk etməməsinə münasibət bildirib: "Qırmızı vərəqəyə görə ona cəza verilməyəcək. Ancaq məyusuq ki, onun xidmətindən növbəti turda istifadə edə bilməyəcəyik. O ki qaldı son saniyələrdə polislərlə münaqişəsinə, həmin vaxt fikrim oyunda olub və bunu görməmişəm".