Millinin yeni baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı baş tutub.
Sportarena.az xəbər verir ki, o, öncə yığmamıza təyinatı ilə bağlı fikirlərini bildirib:
“Burda xeyli sayda jurnalist görmək xoşdur. Mən bilirəm ki, milliyə diqqət böyükdür. Gələcəkdə sıx əməkdaşlıq edəcəyik”.
- Xorvatiya mətbuatı yazıb ki, 2020-ci ilə qədər müqavilə imzalamısız...
- Belə, bir şey yoxdur. Bunu onlar özlərindən yazıb.
- Bəs, nə qədər müddətə müqavilə imzalamısız?
- Müqavilə 1 illikdir. Daha sonra 2 ilə qədər uzadılması haqqında danışacağıq.
- Azərbaycan yığmasında əsas məqsədiniz nədir?
- Xorvatiya yığması FİFA reytinqində 4-cü yerdədir. Bizim isə vəziyyətimiz o qədər də ürəkaçan deyil. Çalışacağıq ki, yaxşı olsun.
- Azərbaycan çempionatında bir neçə oyunu izləmisiniz. Hansı təəəssüratlar yarandı?
- Bakıda olmayanda “Qarabağ”- “Neftçi” oyununa baxdım. Çox xoşuma gəldi. Yığmanın üzvləri əsasən bu komandalarda cəmləşib. Çox maraqlı idi.
- Yığmada hansı dəyişiklikləri edə bilərsiniz və qapıda kimi görmək istəyirsiz?
- Bundan əvvəlki seçmə mərhələ oyunlarına baxmışdım. Bəzi matçları bəyənmişdim. Düzgün motvasiya və taktika ilə biz öz istədiyimizə çatacağıq. Qapıçıları 2-3 həftə ərzində yaxından izləyəcəm. Ondan sonra baxacağıq və qərar verəcəyik. Mənim üçün çox vacibdir ki, yığmaya çağırılan futbolçular formada olsun.
- Seçmə mərhələnin startına 1 ay qalıb. Bu müddət bəs edəcək ki, komandanı tanısın?
- Bilirəm ki, çox az vaxt qalıb. Mənim futbolçular haqqında xeyli məlumatım var. Bizi qarşıda böyük matç gözləyir. Martın 21-i ağır matç olacaq Xorvatiyaya qarşı. Hazırda nəzərimdə 20-yə yaxın futbolçu var. Amma yeni oyunçular üçün də baxacağıq. Daxili çempionatda oynayanlarla bağlı informasiya toplamışam. Xaricdə çıxış edənləri izləməliyəm. Çünki onlar haqqında tam məlumatım yoxdur.
- Köməkçiləriniz kim olacaq?
- Xorvatiyadan bir köməkçim var. Bir yerli köməkçim olacaq. Qapıçı məşqçimiz də yerli olacaq. Analitik məşqçi Xorvatiyadan gələcək. Yerli məşqçilərin kim olması ilə bağlı federasiya ilə görüşəcəyik. Digər iki köməkçim ancaq toplanışlar zamanı Bakıya səfər edəcək.
- Millimizin sabiq baş məşqçisi Robert Prosineçki yığmamız haqqında sizə nə söylədi?
- Onunla 30 ildir ki, tanışıq. Ondan və onun köməkçilərindən məlumat almışam. Ancaq pozitiv sözlər deyiblər. Hətta o, Azərbaycanda olanda da danışırdıq.
- Fiziki hazırlıq baxımından komandada problemlər var. Komanda ardıcıl iki oyunu eyni səviyyədə keçirə bilmir. Bu barədə nə düşünürsünüz?
- Bəli, məlumatım var ki, yığmanın bəzi oyunçularına 4-5 gün ərzində iki oyun keçirmək çətindir. Bu barədə problemi həll etməyə çalışacağıq.
- Federasiya məşqçi qarşısında hansı şərt qoyub?
- Bizim məqsədimiz oyundan-oyuna artırmaqdır. Avropa çempionatına çıxmaq üçün döyüşəcəyik.
- Həmyerliniz Robert Prosineçki burda olanda deyirdi ki, mətbəxinizdən quzu kababını xoşlayıram. Bəs, siz dadmısınızmı Azərbaycan mətbəxini?
- Azərbaycanın xüsusi yeməkləri var. Prosineçki ilə təkcə futboldan deyil, yeməklərdən də danışardıq. Ondan soruşanda nə ən yaxşıdır, çox vaxt yeməklərdən danışırdı. Türkiyədə iki il işləmişəm. Oranın da mətbəxti gözəldir. Həm də Azərbaycan mətbəxi ilə oxşardır.
- Xorvatiya ilə oyunöncəsi təlim-məşq toplanışı Bakıda olacaq, yoxsa xaricə üz tutacaqsız?
- Təlim-məşq toplanışı Bakıda olacaq. Amma tarix bəlli deyil.
- Qurban Qurbanovla görüşmüsünüzmü?
- Qurban Qurbanov haqqında bilirəm. Onun uğurlu futbolçu və məşqçi olduğundan xəbərim var. Serbiya və Çernaqoriyaya vurduğu qolları da xatırlayıram. Təbii ki, onunla görüşəcəm. O, Azərbaycan futbolunda adı böyükdür. “Qarabağ”ı Avropa Liqasına, Çempionlar Liqasının qrupuna daşıyıb.
- Prosineçkini bizə sevdirən həm də aldığı maaşı açıqlaması idi. Siz də açıqlaya bilərsiz?
- Əmək haqqım barədə federasiya rəsmiləri ilə danışığımız olub. Yaxşı olardı ki, onlar açıqlasın.
- Robert Prosineçki hər matçdan öncə ilk “11-liy”i açıqlayırdı...
- Mənim üçün də bunda problem yoxdur. Hərdən elə anlar ola bilər ki, start heyəti oyun günü açıqlayım.
- Prosineçki övladlarını Azərbaycanda məktəbə qoymuşdu. Siz necə addım atacaqsız?
- Mənim üçün çox xoşdur ki, Prosineçki haqqında ancaq xoş sözlər eşidirəm. Həyat yoldaşımla burda yaşayacağıq. Amma qızlarım Zaqrebdə qalacaq. Çünki onlar orda təhsil alacaqlar. (Qafqazinfo)