“Qarabağ” – “Qəbələ”: 50-ci duel

12:00 14 Fevral 2019

Bu həftə Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, “Qəbələ” ardıcıl ikinci səfər matçına çıxacaq. “Qırmızı-qaralar” Bakıda “Qarabağ”ın qonağı olacaq. Son ölkə çempionu ilə fevralın 17-dəki görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Bu, rəqiblərin ümumilikdə yubiley – 50-ci dueli olacaq. İlk dəfə 2006-cı ildə qarşılaşan komandalar indiyədək 49 dəfə üz-üzə gəlib. Bu matçlardan 42-si çempionat, 7-si Azərbaycan kuboku çərçivəsində baş tutub.

 

“Qəbələ” “Qarabağ”la qarşılaşmalarda 11 qələbə qazanıb, 17 dəfə heç-heçə edib, 21 dəfə məğlub olub. Əvvəlki oyunlarda “qırmızı-qaralar” 43 qol vurub, 62-ni buraxıb. Komandanın qollarına 29 futbolçu imza atıb. Braziliyalı Dodo hamıdan çox – 5 dəfə fərqlənibsə, Viktor Mendinin hesabında 4 qol var.

 

Ağdam klubuna qarşı Premyer Liqada keçirilən 42 matçda 10 dəfə 3 xal əldə edən “Qəbələ” 12 dəfə bərabərliklə kifayətlənibsə 20 dəfə məğlubiyyətlə üzləşib. Çempionatda 38 qol vuran futbolçular 56 top buraxıblar.

 

Komandalar 25-ci dəfə “Qarabağ”ın meydanında üz-üzə gələcək. Əvvəlki 24 matçda meydan sahibləri 11, qonaqlar 4 dəfə qalib gəlib. 9 dəfə isə heç-heçə qeydə alınıb. Bu oyunlarda “Qəbələ” 18, rəqib 33 qol vurub.

 

Xatırladaq ki, fevralın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 17:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti