19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunu ilə bağlı danışıblar.
Sportarena.az xəbər verir ki, futbolçular 6:1 hesabı ilə qalib gəldikləri matçdan sonra AFFA-nın saytına fikirlərini bildiriblər:
Musa Qurbanlı: “Komandada yaxşı ab-hava var. İlk oyunda İspaniya yığması kimi güclü komandaya qarşı oynadıq. Uduzsaq da, layiqli mübarizə apardıq. “Ranore” ilə oyuna gəlincə, qələbə qazanmaq həmişə xoşdur. Qarşıda bizi Şotlandiya yığması ilə çətin oyun gözləyir. Həmin oyunda da maksimum nəticə qazanmaq istəyirik. Avropa çempionatının elit-raund mərhələsində İrlandiya, Rusiya, Rumıniya kimi güclü komandalarla qarşılaşacağıq. Onlara qarşı da var gücümüzlə mübarizə aparacağıq. Təbii ki, əsas məqsədimiz qrupdan çıxmaqdır. İnanıram ki, bu təlim-məşq toplanışında əldə etdiyimiz təcrübə elit-raundda bizə faydalı olacaq”.
Zahid Mərdanov: “Oyuna yaxşı köklənmişdik. Sevindirici haldır ki, meydanı böyükhesablı qələbəy ilə tərk etdik. İstədiyimiz oyunu nümayiş etdirib qalib gələ bildik.
Uzun müddət idi zədədən əziyyət çəkirdim. Oyun təcrübəsinin azlığı istər-istəməz çıxışıma təsir etdi. Bununla belə, məşqlərdə səylə çalışıram. Ən qısa zamanda formamı tam bərpa edib komandaya daha çox faydalı olacağam”.
Nail Alışov: “Komanda olaraq Avropa çempionatının elit-raund mərhələsinə səylə hazırlaşırıq. Təlim-məşq toplanışı çərçivəsində İspaniya, Şotlandiya yığmaları kimi güclü rəqiblərlə qarşılaşırıq. Bugünkü oyuna gəlincə, sevindirici haldır ki, komanda böyükhesablı qələbə qazandı. İlk hissədə uşaqlarda bir qədər gərginlik olsa da, sonradan toparlanmağı bacardılar. Bu qələbə futbolçuların özünə olan inamı daha da artırır. Hesab edirəm ki, hər bir futbolçu özünü yaxşı tərəfdən göstərə bildi”.
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı sözügedən matçda poker edib. Yığmamızın digər qollarını isə İdris İnqilablı və Kamran Quliyev vurub.