Fevralın 13-14-də U-16 Liqasında 18-ci turun oyunları keçirildi. İlk oyun günü cəmi 1 qarşılaşma baş tutdu. Digər 6 oyun isə cümə axşamına təyin olunmuşdu. Turun ən yaddaqalan hadisəsi autsayderlə bağlı oldu. 17 oyunda 1 xal belə toplaya bilməyən ROİL nəhayət, ilk dəfə sevindi. Çempionat ərzində cəmi 5 dəfə qol sevinci yaşayan komanda qələbəni 4 cavabsız qolla qazandı.
ROİL – «Turan Tovuz» 4:0
Qollar: Vüsal Hüseynzadə, 18; Renat Kiçibəyov, 30; Tayfun Məmmədov, 50; Pərviz Hüseynov, 80+1
Çempionatın ən zəif komandası axır ki qələbəni dada bildi. Aviasiya Akademiyasının stadionunda keçirilən oyun bütünlüklə meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Hesabsa 18-ci dəqiqədə açıldı. Renat Kiçibəyovdan ötürmə alan Vüsal Hüseynzadə qələbənin təməlini qoydu. Fasiləyə kimi ROİL rəqib qapısından daha bir qol keçirdi. Bu dəfə Renat özü fərqləndi. O, uzaq məsafədən baxımlı qola imza atdı.
İkinci hissədə də matçın ssenarisi dəyişmədi. 50-ci dəqiqədə oyuna sonradan qoşulan 14 yaşlı Tayfun Məmmədov 2-ci qola bənzər qol vurdu. Bu qolda assistent rolunu Elxan Əliyev oynadı. Nəhayət, matçda son nöqtəni müdafiəçi Pərviz Hüseynov qoydu. Hakimin matçın əsas vaxtına əlavə etdiyi 1-ci dəqiqədə cərimə zərbəsi yerinə yetirən qonaqlar əks-hücumda yaxalandılar və İsmayıl Abdıyevdən ötürmə alan Pərviz qapıçı ilə təkbətək mübarizədən qalib ayrıldı.
Onsuz da zəif təsir bağışlayan «Turan Tovuz»un bu qədər aciz vəziyyətdə olduğunu bilmirdik. Autsayder qarşısında biabırçı məğlubiyyət komandada problemlərin çox olduğundan xəbər verir. «Viləş»lə qolsuz heç-heçəni nəzərə almasaq, komanda son bir neçə oyunda meydanı böyük hesablı məğlubiyyətlə tərk edir. Tovuz futbolunun halına yalnız acımaq qalır.
ROİL-in baş məşqçisi Samir Əliyevin fikrincə, məğlubiyyətə rəğmən «Turan Tovuz»un heyətində Elnar Hüseynovla Ruslan Tağıyev komandasının uğuru üçün hamıdan çox iş gördü. Amma alınmadı. Qalib komandadan isə matçda daha çox Elxan Əliyev, Pərviz Hüseynov, Vüsal Hüseynzadə və Renat Kiçibəyov kvarteti seçilirdi.
«Zirə» - «Keşlə» 0:0
Turun 2 mərkəzi oyunundan birində qol səsi çıxmadı. Qonaqlar oyuna ciddi itkilərlə çıxmışdılar. Zədələr «Keşlə»ni yarımcan vəziyyətə salıb. Bu üzdən kağız üzərində nisbi üstünlük «Zirə»nin tərəfində idi. Amma onlar bu üstünlükdən istifadə edə bilmədilər. Demək olar ki, bərabər səviyyəli komandaların yarışında hesabda da bərabərlik qeydə alındı. Yeri gəlmişkən, qarşılaşmanı izləyənlər arasında aşağı yaş millilərin koordinatoru Miloş Velebit də var idi. İlk hissəsini izləyən mütəxəssis U-17 milli üzvləri və milliyə namizədlərlə yanaşı, başçılıq edəcəyi U-16 millimizin üzvlərinin də oyunu ilə bağlı bəzi qeydlər apardı.
Oyun barədə… Qarşılıqlı hücmlar şəraitində başlayan oyunda tərəflərin qələbədən çox ilk növbədə qapılarını toxunulmaz saxlamaq istəyi dərhal hiss olunurdu. Bəlkə də bu üzdən oyun real qol epizodları sarıdan bol olmadı. İlk təhlükəli vəziyyət 17-ci dəqiqədə yarandı. Alı Alının cinah ötürməsini Mirzəbəy Şahbazov 3-4 metrlikdən qapının üstündən vurdu. Cəmi 1 dəqiqə sonra İsrail Əliyevin səhvindən istifadə edərək topu ələ keçirən Nurəli Nurəliyev yenə də çərçivəyə düşə bilmədi. Yenə də 1 dəqiqə sonra «Zirə» təhlükəli həmlə ilə yadda qaldı. Nurəli bu dəfə cinah ötürməsindən sonra başla topu qapıçı Cavid Qurbanovun qucağına göndərdi. 3 dəqiqədə ardıcıl 3 təhlükəli vəziyyət «Keşlə»ni bir qədər ayıltdı. Bir qədər sonra təhlükəli həmlələr növbəsi qonaqlara çatdı. 30-cu dəqiqədə Məhəmməd Tağıyev cinah keçidindən sonra topu Qurban Səfərova ötürdü. Qurban tək toxunuşla Əbil Əbilovu zərbə mövqeyinə çıxardı. Amma Əbilovun zərbəsi qapıdan azacıq aralı keçdi. 32-ci dəqiqədə isə Kamal Kazımovun ötürməsindən sonra Elşən Məmmədov əlverşli vəziyyətdən istifadə edə bilmədi. Top Elşənin əlini tapdı…
Fasilədən sonra komandalar bir qədər sürtəli futbol sərgilədilər. Amma qol real epizodları yenə də az idi. Meydan sahiblərindən Vüsal Əliyev, Cəlal Hüseynov, Elnur Mirzəyev, qonaqlardan isə Vaqif Həsənov, Kamal Kazımov, İsrail Əliyev real olmasa da, qol vurmağa yaxın oldular. Amma imkanlarından istifadə edə bilmədilər və qarşılaşma qolsuz bərabərliklə başa çatdı.
«Zirə»nin baş məşqçisi Cəfər Hüsenov «Keşlə»dən qapıçı Cavid Qurbanov, Məhəmməd Tağıyev və Hüseyn Quliyevin, qonaqların çalışdırıcısı Xəyal Mustafayevsə «Zirə»dən Cəlal Hüsenov, Məhəmməd Səfərov və Rəhim Cəfərlinin oyununu bəyəndiyini söylədi.
«Neftçi» - «Səbail» 3:0
Qollar: Tural Axverdiyev, 2; Ayxan Süleymanov, 25; Rəvan Nağıyev, 43
Geridə qalan 17 tur ərzində qapısında cəmi 8 qol görən və birinciliyin ən etibarlı müdafiə xəttinə sahib olan «Neftçi» bu oyunda da qapısını toxunulmaz saxlamaqla yanaşı, eyni zamanda ən təhlükəli hücum xəttinə malik komandalardan birinin «qol silah»larını zərərsizləşdirə bildi. Söhbət «Səbail»in «vuran ayağı» sayılan Arif Məmmədov – Rauf Ağaseynov duetindən gedir. «Neftçi» çətin rəqiblə oyunda əksər komponentlərdə rəqibi üstələdi. Üstəlik, bu oyunu prinsipial edən məqam var idi. «Səbail» qalib gəlsəydi, 3-cü pilləyə yüksələ bilərdi. Amma «Neftçi» buna imkan vermədi və qalib gəlməklə 3-cü pillədəki «Keşlə» ilə xal fərqini 3-ə endirdi.
Qarşılaşmada erkən qol qeydə alındı. Artıq 2-ci dəqiqədə Rəvan Nağıyevdən ötürmə alan Tural Axverdiyev hesabı açdı. «Neftçi»nin 2-ci qolu 25-ci dəqiqədə gəldi. Cavanşir Cahbazlının ağıllı ötürməsindən sonra Ayxan Süleymanov tək toxunuşla Fərrux Əzizovun qoruduğu qapının torunu silkələdi. Fasiləyə kimi oyunun taleyini böyük ölçüdə həll etmiş «Neftçi» qalan vaxt ərzində daha çox qapısının toxunulmazlığını fikirləşdi.
Matçın yekun nəticəsini müəyyən edən qol fasilədən dərhal sonra vuruldu. 43-cü dəqiqədə Rəvan Nağıyev fərdi bacarığı sayəsində hesabı 3:0-a çatdırdı.
«Neftçi»nin baş məşqçisi Mirbağır İsayev qonaqların heyətində qol vurmamasına rəğmən Rauf Ağasənovun daha çox fəallıq göstərdiyni söylədi. Qonaqların məşqçisi Yaşar Abuzərov isə «Neftçi»dən Rəvan Nağıyevin oyununu bəyəndiyini bildirdi.
«Viləş» - «Sabah» 0:3
Qollar: Həsən Seyfullayev, 45, 64; Şahmar Aşurov, 71
Çempionluğa əsas namizədlərdən olan «Sabah» Masallıda böyük hesabla qələbə qazanmasına rəğmən əməlli-başlı çətinliklərlə üzləşdi. Ərazi üstünlüyünə baxmayaraq, meydanın bərbad olması üzündən baxımlı oyun göstərə bilməyən «Sabah» hələ birinci yarıda 4 dəfə rəqib qapısı önündə 100 faizli qol epizodu yarada bilmişdilər. Amma rəqib qapıçı, futbolçuların qeyri-dəqiq oyunu və qapı tiri qonaqların hesabı açmasını fasilədən sonraya saxladı.
İkinci taymın 5-ci dəqiqəsində «Sabah» istəyinə çatdı. Cinah asmasından sonra Həsən Seyfullayev topu ram edərək işlək olmayan sağ ayağı ilə onu qapıdan keçirdi. Bundan sonra da hücumlarına ara verməyən qonaqlar 64-cü dəqiqədə Bəhruz Tanrıverdiyevlə hesabı 2:0-a çatdırdılar. 3-cü qol matçın ən fəallarından olan Şahmar Aşurovdan gəldi. Bəhruzdan ötürmə alan Şahmar yekun nəticəni müəyyənləşdirən qolu vurdu.
«Viləş»in baş məşqçisi Kənan Seyfullayev «Sabah»dan Vüsal Mirzəyevlə Bəhruz Tanrıverdiyevin, «Sabah»ın baş məşqçisi İlqar Mənsimov isə «Viləş»dən Tosif İbişovla qapıçı Məhəmməd Mehtiyevin oyununu xoşladığını söylədi.
«Qəbələ» - «Qarabağ» 6:2
Oyunun protokolunu əldə edə bilmədiyimiz üçün bu matç haqqında geniş bilgi vermək iqtidarında deyilik. Matçın hakimləri nədənsə protokolun surətini çıxarmağa imkan vermədilər. Bunu rəhbərlikdən gələn qadağa ilə izah etdilər. Əgər Premyer Liqa oyunlarının protokolları ictimaiyyətə heç bir problemliz ötürülürsə, görəsən, U-16 Liqasında məxfi nə var ki, hakimlər komandaların heyətləri və vurulan qollarla ilə bağlı məlumatları əldə etməyimizə maneə yaradırlar?
Hər halda matçda vurulan qolların müəlliflərinin və oyunun yaxşılarının adlarını öyrənə bildi. «Qəbələ»dən Ümid Həmzəyev (3 qol), Mehrac Baxşəliyev (2 qol) və İxtiyar Məmiyev, «Qarabağ»dan isə Sahib Səmədovla Süleyman Süleymanov qol müəllifləri olublar. Matçın ən yaxşılarına gəlincə, «Qəbələ»nin baş məşqçisi Xaqani Məmmədov «Qarabağ»dan Rəvan Əvəzovla Sahib Səmədovun, onun həmkarı Asif Əlizadə isə «Qəbələ»dən Mehrac Baxşəliyevin adını çəkdi. Yeri gəlmişkən, Mehrac Baxşəliyev 2 dəfə fərqlənməklə vurduğu qolların sayını 22-ə çatdırdı və bombardirlər yarışında liderliyə yüksəldi.
İsgəndər Cavadov – Neftçi İK İB 0:3
Qollar: İlkin Əliyev, 3; Anar Zamanov, 78, 80;
Bu oyunun da protokolunu hakimlərin inadına görə əldə edə bilmədik. Yaxşı ki, klub nümayəndələrinin köməyi ilə bizə məlum olan məlumatları ala bildik. Yeni ildən uğursuz çıxışı ilə yadda qalan «Neftçi» İK İB asan rəqibi 3 qolla məğlub edə bildi. Oyunda erkən qol qeydə alındı. Artıq 3-cü dəqiqədə Taleh Yusifovun ötürməsindən sonra İlkin Əliyev tək toxunuşla topu meydan sahiblərinin qapısından keçirdi. Matça vurulan digər 2 qol son dəqiqələrə təsadüf etdi. Buna kimi isə hər iki tərəf hesabı dəyişmək üçün kifayət qədər fürsət yaxalamışdı. 78 və 80-ci dəqiqələrdə oyuna sonradan qoşulan Anar Zamanov 2 qol vuraraq komandasının qələbəsində pay sahibi oldu. Ona məhsuldar ötürmələri İlkaq Kazımov və Taleh Yusifov etdilər.
İsgəndər Cavadov BFA-nın baş məşqçisi Qəhrəman Əliyev qonaqlardan Ayxan Rəcizadəni, «Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayev isə meydan sahiblərindən Qoşqar Babayevi rəqib komandanın ən yaxşısı adlandırdı.
Gəncə TİM – «Sumqayıt» 0:0
Turun son oyununda qolsuz bərabərlik qeydə alındı. Gəncə TİM-nin bərbad meydanında baş tutan oyunda hər iki tərəfin səylərinə baxmayaraq qol səsi çıxmadı. Güc futbolunun getdiyi oyunda «Sumqayıt»dan qapıçı Pünhan Canlarovla müdafiəçi Ruhid Mustafayev, Gəncə TİM-dən isə yenə də qapıçı Elmir Bayramovla kapitan Ümid Səmədov daha yaxşı təsir bağışladılar.
Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ») – 22 qol, Rauf Ağasənov («Səbail») – 20 qol.
U-16 Liqasında 19-cu turun oyunları fevralın 21-də keçiriləcək: «Neftçi» İK İB – «Viləş», «Sabah» - «Neftçi», «Səbail» - ROİL, «Turan Tovuz» - «Qəbələ», «Qarabağ» - «Zirə», «Keşlə» - «Sumqayıt», İsgəndər Cavadov BFA – Gəncə TİM
«Het-trik news» qəzeti