“Hakim rəqibin təxribatına göz yumurdu” - Millimizin üzvü

11:21 18 Fevral 2019

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışı keçən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son yoxlama görüşündə Şotlandiyaya 0:2 hesabı ilə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, millimizin 3 üzvü qarşılaşmadan sonra AFFA-nın rəsmi saytına açıqlama verib.Belə ki, Nicat Mehbalıyev, Tural Bayramov və Vüsal Məsimov oyunu dəyərləndirib.

 

Nicat Mehbalıyev: “Çətin oyun oldu. Şotlandiyanın necə komanda olmağı hamıya məlumdu. Tipik ingilis futbolu oynayırlar. Cinahlardan təşkil etdikləri hücumlarla daha təhlükəli olurdular. Bir nəfər azlıqda qaldığımızdan, uşaqlar bəzən mövqe səhvləri edirdilər. Nəticədə fasilədən sonra təzyiqi bir qədər də artırıb qol vurmağı bacardılar. Buna baxmayaraq, komanda yoldaşlarımın zəhmətini yüksək qiymətləndirirəm. Həqiqətən də, layiqli mübarizə apardılar. 10 nəfərlə Şotlandiya kimi komandaya qarşı oynamaq çətindi. Bir sözlə, səviyyə fərqi özünü büruzə verdi”.

Tural Bayramov: “Qırmızı vərəqə epizodunadək hər şey qaydasında gedirdi. Rəqib futbolçular oyun ərzində bizi təxribata çəkirdilər. Təəssüf ki, baş hakim buna göz yumurdu, düzgün qərarlar vermirdi. Hər kiçik toxunuşumuza görə bizə xəbərdalıq edirdi. Azlıqda qalmağımız oyun planlarımızı dəyişməyimizə səbəb oldu. Hücum qurmaqda çəkinlik çəkirdik. Çox güc itirdik. Komanda olaraq müsbət və mənfi cəhətlərimizi bilirik. Avropa çempionatının elit-raund mərhələsində güclü rəqiblərlə qarşılaşacağıq. Çətin olacaq, amma inanıram ki, qrupdan çıxacağıq”.

Vüsal Məsimov: “Güclü futbolçulardan təşkil olunmuş komandaya qarşı mübarizə apardıq. İlk dəqiqələrdən oyuna nəzarət edən tərəf biz idik. Rəqibi meydanın onlara aid hissəsinə sıxmışdıq. Sadəcə, 20-ci dəqiqədə qırmızı vərəqə almağımız bizi çətin vəziyyətə saldı. Belə olan halda daha çox qaçdıq,  mübarizə apardıq. Bizim üçün yaxşı bir təcrübə oldu. Azlıqda qalmasaydıq qələbə qazana bilərdik. Çalışacağıq ki, bu oyunlarda buraxdığımız səhvləri elit-raundda təkrarlamayaq və daha yaxşı nəticələr qazanaq. Təbii ki, əsas məqsədimiz elit-raund mərhələsini adlamaqdı”.


Digər xəbərlər

Xəbər xətti