Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
Sportarena.az xəbər verir ki, komitə I divizionda baş verən neqativ hallara hüquqi qiymət verib.Cəzalara nəzər yetirdikdə aşağı liqada komandaların həvəskar səviyyədə olduğu bir daha təsdiqini tapır. Məsələn, XV turunun MOİK – “Turan Tovuz” görüşündə xərək daşıyan uşaqlar olmadığından meydan sahibi, “Ağsu” – “Şüvəlan” qarşılaşmasında isə matçın protokolunu vaxtında təqdim etməyən qonaqlar 80 manat cərimə olunub.
Həmçinin “Səbail-2” – “Sumqayıt-2” oyununda qonaqlar oyunöncəsi iclasa 7 dəqiqə gecikibsə, “Neftçi-2” – “Kəpəz” matçında top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar ediblər. Bu səbəbdən hər iki komandaya 80 manat məbləğində cərimə kəsilib.
“Zaqatala” – “Sabah-2” görüşünün 79-cu dəqiqəsində isə “Sabah-2”nin futbolçusu Sultan Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimi təhqir etdiyinə görə, 4 oyunluq diskvalifikasiya olunub, klub 320 manat cərimə olunub.