Azərbaycan I divizionunun oyunları canlı yayımlanacaq

11:45 20 Fevral 2019

Premyer Liqa klublarının Antalyadakı təlim-məşq toplanışı zamanı PFL yoxlama oyunlarından canlı yayın təşkil edirdi.

 

Təmsilçilərmizin yoldaşlıq görüşləri təşkilatçı qurumun "yutub" kanalında göstərilirdi. PFL atıq divizion oyunlarını izləmək istəyənləri də nəzərə alıb.

 

Qurum aşağı dəstənin geridə qalan üç oyununu yayınlayıb. 15-ci turda "Qaradağ Lökbatan" - "Zaqatala" (1:0), 16-cı turda isə "Neftçi-2" - "Kəpəz" (3:2) və "Ağsu" - "Şüvəlan" (0:1) oyunları qurumun "yutub" kanalında nümayiş etdirilib.

 

Əslində oyunların göstərilməsi müsbət haldı. Bəs görəsən, bu məsələ "CBC Sport"la necə razılaşdırılıb? Axı əvvəllər adı çəkilən telekanal da bir neçə dəfə birinci divizion oyunlarını ekranlara daşıyıb. Bununla bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə danışdıq: "Daha öncə Bakıda keçirilən iki oyunu göstərmişdiksə, bu dəfə ilk dəfə regiondan - Ağsudan canlı yayın təşkil etdik. Növbəti turlarda da çalışacağıq ki, hər gün bir oyun verək. Bəzən stadionlarda internet problemi olur. Məsələn, Ağsudakı oyundan narahat idik, ancaq ən yüksək keyfiyyətdə göstərə bildik. Bilirsiz ki, Antalyada çətin şəraitdə çəkilişlər etdik. Orda bunu gerçəkləşdirə bildiksə, fikirləşdik ki, burda da edə bilərik. "Qaradağ Lökbatan"ın oyununda sınaqdan keçirdik, bəzi problemlər oldu, donmalar baş verdi. Amma qalan matçlarda problem olmadı. Odu ki, növbəti turlarda da yayınları davam etdirəcəyik. Gələn həftə Gəncədəki oyunu göstərəcəyik. Həmçinin başqa bölgələrdən də canlı yayın təşkil etmək fikrimiz var... "CBC Sport" Topaz Premyer Liqasının yayın hüququna malikdi. Sadəcə, bəzən boş vaxt olanda birinci divizion oyunlarını da göstərirdilər. Ancaq hazırda onların efir qrafiki sıxdı. Biz də qışda bu sistemi sınaqdan keçirdik. Özünü doğrultdu və keyfiyyətli idi. Bu üzdən divizion oyunlarını da tamaşaçıların izləməsinə şərait yaratmaq qərarına gəldik".

 

Məlum olduğu kimi, premyer-liqanın son turlarında oyunlar eyni saatda start götürür. Belədə "CBC Sport"un bütün oyunları eyni vaxtda göstərmək imkanı olmur. Görəsən, həmin vaxt PFL-in "yutub" kanalı yenidən azarkeşlərin köməyinə çatacaq? Aslan bəyi dinləyək: "Bir gündə olan oyunların hamısını "CBC Sport" göstərə bilməyəndə də bu sistemdən yararlanmaq istəyirik. Belə bir planımız var. Fikrimcə, telekanalın razılıq verməsi ilə bağlı hansısa problem olmaz". ("Futbol plus" qəzeti)


Digər xəbərlər

Xəbər xətti