"Ayaz Quliyev Azərbaycan millisində oynamaq istəyir" - AÇIQLAMA

23:10 20 Fevral 2019

"Biz hamımız istəyərdik ki, Ayaz Quliyev Azərbaycan milli komandasında oynasın. Bu, sadəcə olaraq, bir az çətin məsələdir". 

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt" klubunun prezidenti Riyad Rəfiyev Rusiya "Spartak"ında çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevin Azərbaycan yığmasına cəlb olunma ehtimalı ilə bağlı danışarkən deyib. 

 

Rəfiyev AFFA-da çalışdığı müddətdə yarımmüdafiəçi ilə sıx əlaqədə olduğunu bildirib. 

 

O, oyunçu ilə ən azı ayda bir dəfə danışdığını söyləyib: "Ayaz Quliyevlə çox yaxşı münasibətlərimiz var. Onunla dostluq əlaqələrimiz də mövcuddur. Dost kimi də tez-tez söhbət edirik. O, hazırda Azərbaycan millisini seçsə, Rusiyada legioner hesab olunacaq. Rusiya Premyer Liqasının reqlamenti belədir. Futbolçu üçün çox ağır seçimdir. Bilirəm ki, özü Azərbaycan millisində oynamaq istəyir. Vətənini çox sevir. Sadəcə, reqlamentə görə, hazırda hansısa tələsik cavab verə bilmir. Bu da normaldır. Anlayışla qəbul etmək lazımdır". 

 

Klub prezidenti AFFA-nın ona millidə oynamağı təklif etdiyini vurğulayıb: "AFFA bir neçə dəfə ona dəvət göndərib. Bu həm Robert Prosineçkinin, həm də Qurban Qurbanovun vaxtında olub. Amma yenə deyirəm ki, seçim onundur. Qərarı özü qəbul etməlidir".


Digər xəbərlər

Xəbər xətti