AFFA İntizam Komitəsi növbəti iclasında I divizionda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.
Sportarena.az xəbər verir ki, XVI turda "Şüvəlan” - "Qarabağ-2” matçının ikinci hissəsi qonaq komandanın yubanması səbəbindən 4 dəqiqə gec başlayıb. Bu səbəbdən, Ağdam təmsilçisi 80 manat cərimələnib. "Qarabağ-2" həmçinin 4 futbolçusu sarı vərəqə aldığına görə 80 manat cərimə edilib.
Həmin tur "Neftç-2” ilə ev oyununda lazimi inventarlar olmadığından, "Turan Tovuz"a 160 manatlıq cərimə kəsilib. "Neftçi-2" isə qarşılaşmanın 86-cı dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan Rəhman Daşdəmirova görə ziyana düşüb. Futbolçu özü 1 oyunluq cəzalandırılıb, klub 20 manat cərimə olunub.
"Qaradağ Lökbatan” "Sabah-2” ilə səfər qarşılaşmasında ilkin protokolu gec təqdim edib. Bu səbəbdən, klub 80 manat məbləğində cəzalandırılıb.
"Kəpəz” - "Zaqatala” matçından əvvəl iclasda qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən, "Zaqatala” klubu 80 manat cərimələnib.
"Səbail-2” - "Keşlə-2” matçında isə hər iki komandanın 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən klublara 80 manat cərimə kəsilib.