"Biz daha öncə “Atletiko”yla qarşılaşmasaydıq, bizim söz atmağa səbəbimiz olmayacaqdı" - MÜSAHİBƏ

16:29 26 Fevral 2019

Futbol klublarının sosial şəbəkələrdə bir-birlərinə “atmaca”lar atması xeyli müddətdir ki, trend halına çevrilib. Bu trend bizim klublardan da yan ötməyib. “Qarabağ”ın bu mövzuda digər klublarımızın önündə olduğu görünür. Son paylaşdıqları “Atletiko” ilə bağlı videoya yarım milyondan çox baxış olması da dediyimə sübutdur.

 

Sportarena.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qol.az-a müsahibəsində sosial şəbəkələrdə gördükləri işlər haqda danışıb.
 
 

- Bu yaxınlarda Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” – “Yuventus” oyunundan sonra (2:0) Turin klubunun ünvanına Feysbuk və İnstagram səhifənizdəki atmacanız geniş müzakirəyə səbəb oldu. Belə bir cümlə vardı orda: "Yuventus”, “Atletiko”ya necə qol vurmağı görmək istəyirsiz? Miçel, bəlkə bir oyun(luq)?"

- Bütün dünya klubları bu cür sosial trenddən istifadə edir. Paylaşımların məqsədi qətiyyən kimisə aşağılamaq, öz gücünü göstərmək deyil. Biz daha öncə də belə paylaşımlar etmişdik. Yadınıza gəlirsə, Çempionlar Liqasında “Roma” “Barselona”nı məğlub etmişdi. Biz həmin vaxt paylaşım etmişdik ki, “Qarabağ”ı udmaq çətin oldu, nəinki “Barselona”nı”. “Atletiko” Avropa Liqasının qalibi olanda yazmışdıq ki, “Bizim sayəmizdə çempion oldunuz”. Bütün böyük klublar bundan istifadə edir. Son paylaşdığımız videoya yarım milyondan çox baxış oldu. Xüsusilə “İnstagram”da böyük “partlayış” oldu. Hətta oyunun ertəsi günü video “Atletiko”ya aid  “top postlar”da ilk 5-likdə, “Yuventus”da isə ilk 15-likdə idi. Ümumiyyətlə, biz Çempionlar Liqasının qrup mərhələsinə adladığımız andan videoya heç bu qədər baxış olmamışdı. Məncə, yarım milyondan çox baxış Azərbaycan sosial idman mediası üçün böyük rəqəmdir. Həmin postu heç reklama da qoymamışdıq.

 

- Atmacalı paylaşımlarınız necə reaksiya doğurur?

- Yenə deyirəm, bütün böyük klublar bundan istifadə edir. Daha qabarıq formada olan paylaşımlar da var. Münhenqladbax "Borussiya"sı, “Roma”, “Barselona” və “İnter” kimi klubların məşhur paylaşımları olub. Əsas düzgün yanaşma məsələsidir. Bizdə əksər insanlar çox yaxşı qarşıladı. Yaxşı olmasaydı, bu qədər baxılmazdı. Bu da Azərbaycan üçün nadir hadisədir. İndiyə kimi belə rəqəm qeydə alınmamışdı. 

 

- Belə paylaşımların təşəbbüsü ideyası kimdən gəlir?

- Bizim departamentin ideyası idi. Biz hər zaman belə fikir olanda müzakirə edirik. "Atletiko”nun oyunundan dərhal sonra ağlımıza gəldi və reallaşdırdıq.

 

- Avropanın nəhəng klubları bu sahədə aktivdilər, kreativ paylaşımlar edirlər. Yəqin ki, bu tip atmacalarda böyük klublardan ilham alırsınız.

- Hə, biz daim bundan istifadə etmişik. Klubun müəyyən səviyyəyə yüksəldikdən sonra belə paylaşımlar etməsi normaldır. Təbii ki, biz daha öncə “Atletiko”yla qarşılaşmasaydıq, bizim söz atmağa səbəbimiz olmayacaqdı (gülür). Yəni, bu paylaşım "Yuventus"u udarıq" mənasına gəlmir.

 

- Adətən, böyük klubların atmacaları qarşılıqlı olur. Heç paylaşımlardan sonra həmin klublardan cavab gözləmisiniz? Məsələn, “Yuventus”dan… 
- Açığı, bunlar cavab almaq məqsədilə paylaşılmır. Elə qarşılıqlı atışmalar daha çox “Tvitter”də olur. Azərbaycanda həmin sosial şəbəkə o qədər də populyar deyil. Biz Azərbaycanda yeganə klubuq ki, ingilis dilində olan “Tvitter” hesabımız qurum tərəfindən rəsmən təsdiqlənib. Amma hər bir halda, bu sosial şəbəkə ölkəmizdə aktual deyil.

 

- Yəqin ki, klub rəhbərliyinin bu paylaşımlardan daha öncə xəbəri olur.

- Bəli. Direktorumuz Əmrah Çelikelə ideyalarımızı danışırıq. O, bizə həm sərbəstlik verib, həm də güvənir. Əmrah bəy ideyamızı çox bəyəndi və dəstəyini nümayiş etdirdi. 

 

- Bəs futbolçular bunu necə qarşılayır?

- Futbolçular da bilir ki, bu, sosial şəbəkələrdə istifadə olunan metoddur. Onlar üçün də bu paylaşımlar pozitivdir.

 

- Azərbaycanda futbol azarkeşləri belə atmacalı paylaşımlarla hələ yeni-yeni qarşılaşır. Bu mənada, narazılıqlar çoxmu olur?

- İradlar var. Hətta bəzən deyirlər ki, rəsmi səhifə niyə belə paylaşım edir?! Belə şeylər təkcə Azərbaycanda olur. Bəzi insanlar rəsmi səhifəni yalnız quru rəsmi xəbərlərdən ibarət səhifə kimi qəbul edirlər. Amma bu, sosial şəbəkədir. Müəyyən hədləri qoruyaraq rahatlıqla öz fikrini ifadə edə bilərsən. Trendlərə bələd olan adamlar paylaşımları yaxşı qəbul edirlər. Həm də bu söz atmaq deyil. İtalyadan çox insan şərh yazırdı. “Yuventus”un azarkeşləri hirslə qarşıladılar ki, niyə klubumuza ilişmisiniz. “İnter” azarkeşlərinə isə rəqibləri olduğu üçün xoş idi. Amma əvvəlki vaxtlara baxanda artıq azarkeşlərimiz belə paylaşımları müsbət və yumorla qarşılayırlar.

 

- Daha öncə qarşılaşdığınız xarici klublardan başqa, yerli futbolda da bu cür hallar olur. Bəzən “Neftçi” ilə də sosial şəbəkələrdən atışmalarınız olub. Bunu əvvəlcədən qarşı tərəflə planlaşdırırsınız?

- Yox (gülür). Bir dəfə Rüstəm Əfsərli “Neftçi”də işləyəndə yazmışdı ki, sizi udacağıq. Onun kluba gəldikdən sonra ilk oyunu idi. Mən də yazmışdım ki, qardaşımın siftəsini korlayacaq deyiləm ki, problem deyil, udun. Bu da azarkeşlərin arasında böyük rezonans doğurmuşdu. Oyundan sonra da müzakirələr davam etmişdi. Pozitiv ruhda bir şey olmuşdu və xoş təsir bağışlamışdı. Amma əvvəldən planlaşdırılmır.

 

- Sizcə, bu cür intiriqalı atmacalar oyuna marağı nə dərəcədə artırır?

- Məncə, çox böyük təsiri var. Qış fasiləsindən sonra keçirilən “Qarabağ” - “Neftçi” oyunundan öncə rəqib “Harda qalmışdıq” paylaşımını etmişdi. Biz isə “Qaldığımız yerdən davam etməyə hazırıq” kimi cavab vermişdik. Mən fikirləşirəm ki, həmin oyuna gələn 7 mindən çox azarkeşin ən azı 2500-ü sırf o qarşılıqlı cavablara görə gəlmişdi. Yəni, təsiri olur. Amma belə paylaşımları müəyyən çərçivədə etmək və o həddi qorumaq lazımdır. Hədd aşılsa, xoş olmayan fəsadlara gətirib çıxarar.

 

- Son vaxtlar sosial şəbəkələrdə klubun aktivliyi artıb. Paylaşımlar qaneedicidirmi və yaxud yenilik gözlənilirmi?

- Klubumuzun müəyyən standartları var. Heç bir zaman kiməsə söz atmaq, ilişmək, aşağılamaq məqsədimiz olmayıb. Hər zaman öz səviyyəmizi qorumağa çalışırıq. Bu gün demək olar ki, bütün klublar klub televiziyalarından imtina edirlər. Hamısı sosial şəbəkələrə və “Youtube” platformasına keçid ediblər. Sosial şəbəkənin çox böyük gücü var. Biz də trendlərdən istifadə etmək istəyirik. Eyni zamanda, öz dəst-xəttimizi qorumağa çalışırıq. İdeyalarımız var. Çalışırıq ki, özümüzə məxsus olanlardan istifadə edək.


Digər xəbərlər

Xəbər xətti