İran İslam Respublikasının Kerman şəhərində gənc oğlanlar arasında keçirilən 4 günlük "Kerman Turu”nun 3-cü mərhələsi yığma komandamız üçün uğurlu alınıb – belə ki, 60 km-lik mərhələni velosipedçimiz Nəcəf Bağırov 3-cü pillədə başa vurub.
Sportarena.az xəbər verir ki, "Kerman Turu”nun 1-ci mərhələsində 44 km məsafəyə komanda ötüşməsində komandamız 2-ci nəticə göstərmişdi. 98 km-dən ibarət 2-ci mərhələ isə kifayət qədər drammatik alınıb – Şahin Eyvazovun 4-cü olduğu bu marşrutda komandamızın digər üzvü Əmral Əbdüləzizilinin velosipedi qəza nəticəsində istifadəyə yararsız vəziyyətə düşüb. Amma idmançımız qəza ilə əlaqədar kifayət qədər geri qalmasına rəğmən mübarizəni başqa velosipedlə davam etdirərək yekunda finiş xəttini 11-ci keçib.
Sabah yarışın sonuncu, 4-cü mərhələsində iştirakçılar 114 km məsafə qət edəcəklər. Ümumilikdə "Kerman Turu”nda İran, İraq, Oman, İordaniya, Pakistan, Azərbaycan və Əfqanıstandan olan 13 komanda çıxış edir. Milli komandamızın heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarətdir.