Yurçeviç 1 milyon avroya layiqdimi? - SORĞU

16:40 8 Mart 2019

AFFA millimizin baş məşqçisi Nikola Yurçeviçə 1 milyon avro maaş verəcəyini rəsmən açıqladı. Düzdü, bu məbləğin kiçik bir hissəsi – 20 faizi özüylə gətirdiyi köməkçiləri üçün nəzərdə tutulub. Amma hətta 800 min avronun da xorvat çalışdırıcı üçün çox olduğunu düşünürük.
 

O, bu pula layiqdimi? Bəs, real qiyməti nə qədərdi? Xorvatın həmyerlisi Robert Prosineçki ilə eyni məbləğə layiq bilinməsi nonsens deyilmi?Bu sualları idman mətbuatımızın tanınan qələn sahiblərinə ünvanladıq. Əksəriyyət məbləğin həddən artıq çox olduğunu düşünsə də, onların fikirləri haçalandı.
 
 

Elçin Cəlilov (futbolpress.az): “Əvvəlcə məbləğin indi niyə açıqlanması anlaşılmazdır. Yurçeviçin təqdimat konfransında bu və müqavilənin müddəti və s. əhəmiyyətli mövzulara cavab yox idisə, onda təqdimata niyə çıxarılmışdı? 1 milyon məsələsinə gəlincə, yenə də Qurban Qurbanovla müqayisə aparacam. Postundan uzaqlaşdırılandan sonra məlum olmuşdu ki, ölkənin ən yaxşı məşqçisi bu postda aylıq 17 min alırmış. Kompensasiya da istəmədi. Karyerası boyu əsasən köməkçi məşqçi olmuş Yurçeviçlə özümüzün ən yaxşı biri arasında bu qədər fərq qoyulması isə nonsensdir və başqa niyyətlərdən, nəsnələrdən xəbər verir. Ümumiyyətlə, yenə də AFFA-nın səmimiyyətdən, doğru niyyətdən uzaq olduğu aşkara çıxır və bu cür fəaliyyətdə olan qurumun idarəçilərinə qarşı pozitiv olmağımız qeyri-mümkündü. Daha bəs edər, aldatmayın, manipulyasiya etməyin. Emosiyalar yatırılandan sonra açıqlanır və hamı təəccüblənir. Alınmır da, bu qurumun faliyyətinə hörmət etmək heç cür alınmır”.
 
Həbib Aslanov (Futbol+): “Hətta Avropa çapında özünü sübut edə bilməyən, tanınmayan, indiyədək baş məşqçi kimi özünü sübut etməyən bir məşqçiyə 1 milyon avro vermək ağılsızlıqdı. Bu, pulu havaya sovurmaqdı. Yurçeviçin uğurlu olub-olmayacağını deyə bilmərik. Amma bunu mərhələli şəkildə etmək olardı. Tutaq ki, ilk seçmə mərhələ üçün 300-500 min, artan sistemlə növbətisində 700 min, nəvaxtsa 1 milyon”.
 
Amal Abuşov (sport7.az): “Əlbəttə ki, layiq deyil. Ümumiyyətlə, Azərbaycan millisinə hazırda əcnəbi çalışdırıcı gətirmək absurd addım idi. Bu absurdun da davamı Yurçeviçə 1 milyon avro verməkdi. Onun köməkçi-səviyyəsində biri olduğunu nəzərə alsaq, vətənində real qiyməti illik 80-100 min avro olar. Prosineçikyə verilən məbləğ də çox idi. Bunu bosniyalılar bizə sübut etdi”.
 
Kənan Məstəliyev (rekord.az): “Burda iki məqam var: 1 milyon avro və Prosineçki ilə eynilik. Hər ikisi baxımından Yurçeviçə verilən qiymət doğri deyil. Əvvəla, lap köməkçiləri ilə birlikdə olsa belə, bu məbləğin ən yaxşı halda yarısına layiq deyil. Məşqçilik karyerasında heç bir uğuru olmayan, ancaq köməkçi-məşqçi kimi az-çox fərqlənən adamın bu rəqəmə layiq bilinməsi absurddan başqa bir şey deyil. Elxan Məmmədov stadionların icarə haqqından belə qənaət etməli olduqlarını deyirdi. İndi bu qədər qənaət Yurçeviçə 1 milyon avro vermək üçün idi? O ki qaldı Prosineçki məsələsinə, burda da deyiləcək söz yoxdu. İstər futbolçu, istərsə də məşqçi kimi Nikoladan bir yox, bir neçə baş üstün olan mütəxəssislə ona eyni gözlə baxmaq nonsens ötəsi bir şeydi. Deyəsən, AFFA-da nəyi necə etməyin qaydasını unutmağa başlayıblar. Yurçeviçə verilən bu yüksək "qiymət" gələcəkdə ciddi problem ola biləcək. Çünki daha yaxşı mütəxəssis dəvət ediləndə əvvəlkindən xeyli çox pul istəyəcək və düz də edəcək. Yurçeviçə 1 milyon verən qurum, məsələn, elə həmin Prosineçki səviyyəsində məşqçini 3 milyondan aşağıya razı sala bilməz”.
 
Rəşad Ergün (komanda.az): “Azərbaycan millisinin potensialını nəzərə alsaq, heç bir mütəxəssis 1 milyon almağı haqq etməyib. Milli komanda dünya çempionatının, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq gücündə deyilsə və vəsiqə qazanmayacaqsa, kiməsə niyə milyonlar verilməlidi? Kimsə deyə bilər ki, hansisa məshur mutəxəssisi gətirib ona cox pul vermək olar. Amma bu da duz deyil. Bu, futboldu, gozəllik musabiqəsi, ya da məşhurların yaris meydançası yox. Azərbaycan millisinin baş məşqçi postu üçün maksimum məbləğ 300 min avro olmalıdı - kimliyindən asılı olmayaraq. Prosineçkiylə Yurçeviçin muqayisəsinə gəlincə, belə müqayisə aparmağın tərəfdarı deyiləm”.
 
İlkin Vaqifoğlu (sportinfo.az): “Sözsüz, hər bir əcnəbi məşqçi Azərbaycana pul qazanmağa gəlir. Bu, onlar üçün bir nömrəli məsələdi. Nəticə verib-verməməsi onun üçün ikinci dərəcəli məsələdi. Nikola Yurçeviçin 1 milyon avroya dəyib-dəymədiyini demək, məncə, indi tezdi. Avropa çempionatının seçmə mərhələsində buna layiq olub-olmadığını görəcəyik. Onun real qiymətini də komandamızın nəticələri müəyyənləşdirəcək. Mənə maraqlı gələn odu ki, bundan əvvəlki açıqlamalarda Yurçeviçin maaşı 300 min avro olaraq göstərilirdi və indi necə oldu ki, bu məbləğ 1 milyon avroyadək yüksəldi? Axı, 1 milyon az pul deyil ki, xorvatiyalı məşqçinin özünün dediyi kimi, 5 dəqiqəlik söhbətin mövzusu olsun. Prosineçki ölkəmizə gəlib-getmiş ən yaxşı xarici məşqçilərdən biridi. Yurçeviç bura Prosineçkinin vasitəsilə gəlib. Yurçeviçə məlum idi ki, o, AFFA-nın birinci seçimi deyil. AFFA ona qədər bir çox məşqçi ilə danışıqlar aparmış, ancaq razılıq əldə edə bilməmişdi. Federasiya istənilən halda bu problemi fevralda həll etməliydi. Çünki milli artıq martın 21-də ilk rəsmi oyununa çıxacaq. AFFA onsuz da, yeni baş məşqçi tapmaqda çox gecikmişdi, bunu isə heç özləri də gözləmirdilər. Millinin 2 aydan artıq baş məşqçisiz qalması ciddi vaxt itkisi demək idi və AFFA daha gözləyə bilməzdi. Belə bir məqamda Yurçeviç nə qədər maaş istəsəydi, verəcəkdilər və verdilər də”.
 
Ruslan Mikayıllı (azerisport.com): “Prosineçki gələndə kim bilirdi ki, nisbətən uğurlu nəticə verəcək? Çünki bundan öncə baş məşqçi kimi heç bir uğuru olmamışdı. Gəlin Yurçeviçin maaşını indidən hesablamayaq. Kim bilir, bəlkə bir ildən sonra bizə 2 milyonluq nəticə verdi. Bildiyimə görə, məbləğin ən azı 20 faizi köməkçilərinə çatacaq. Bütün hallarda yeni baş məşqçi və köməkçilərinin real dəyərini yalnız tsiklin sonunda biləcəyik”.
 
Sənan Abdullayev (Xəzər TV): “Düzü, 1 milyon avro normal məbləğdi. Həm də nəzərə alaq ki, bu pula köməkçilərin xərci də daxildi. Tam düzgünlük olmayacağına da şübhə etmədiyimizdən Yurçeviçə böyük məbləğ qalmır. Onun layiq olub-olmadığını qısa müddət sonra görəcəyik. Real qiymətinin bu olmadığını isə hamımız bilirik”. (futbolinfo.az)


Digər xəbərlər

Xəbər xətti