"Qarabağ" güclü futbolçulara malikdi" - "Neftçi"nin baş məşqçisi

13:50 9 Mart 2019

"Neftçi"nin baş məşqçisi Roberto Bordin "İl Mattino" qəzetinə danışıb.

 

Sportarena.az xəbər verir ki, bu təyinatadək "Şerif"də 1,5 il çalışmış italiyalı mütəxəssis iki dəfə Moldova çempionu və ölkə kubokunun qalibi olduqlarını, eləcə də Avropa Liqasının qrup mərhələsinədək irəlilədiklərini xatırladıb.

 

 

"Neftçi"yə keçidiniz necə baş vermişdi?

- Mən hələ "Şerif"də olarkən "Neftçi"nin idman direktoru iş prinsipimi izləyib. O, bir italyan vəkil vasitəsilə mənimlə əlaqə saxladı. Cəmi 2-3 görüşdən sonra bura gəlməyə razılıq verdim. Çünki "Neftçi" tarixi klubdu və ölkənin ən titullu komandasıdı.

 

Ailəniz də Bakıya köçüb?

- Bəli, bu il xanımım 16 aylıq qızımla birlikdə mənimlə yaşamaq üçün Bakıya köçdü. Digər iki övladım böyükdü və onlar Speziada yaşayırlar.

 

Bakı necə şəhərdi?

- Bakı çox gözəl və müasir şəhərdi. Dənizi, böyük parkı var, iş sahəsi çox inkişaf edib. Şəhərin qədimiliyi də unudulmur. Ümumilikdə yaşayış durumu çox yaxşıdı, burda özümü xüsusi hiss edirəm. Çünki şəhərin gözəl məkanında qalıram. Bir müddət sonra burda Formula-1 yarışı olacaq. İqlim dəyişir: bu gün qar yağırsa, sabahı temperatur 10 dərəcə olur. Heç vaxt dəyişməyən tək şey küləkdi.

 

Bəs futbol necədi?

- Azərbaycanda hər bir klubun müasir idman mərkəzi var və hərtərəfli iş gedir. Müsbət mənada təəccübləndim, çünki taktiki planda yüksək səviyyədədilər. Modulları dəyişə bilərsiniz. Həmçinin yaxşı məşqçiləri var.

 

Çempionatın səviyyəsi necə, sizi qane edirmi?

- "Qarabağ" şişirdilmiş büdcəyə və güclü futbolçulara malikdi. Ümumilikdə azərbaycanlı futbolçular güclüdü. Hər oyunda maksimum 6 əcnəbi və minimum 5 azərbaycanlı, həmçinin 1996-cı il təvəllüddən aşağı bir oyunçu iştirak etməlidi. Milli komandaları da pis durumda deyil. Onlar Millətlər Liqasında yalnız son oyunda məğlub oldular.

 

Mayda Avropa Liqasının final görüşü Bakıda olacaq. Həlledici matçda hansı komandanı görmək istəyirsiniz?

- "Napoli"nin finala çıxacağına ümid edirəm.

 

Məşqçi kimi iş prinsipiniz nədi?

- Futbolçu vaxtımda gücümü 100 faiz ortaya qoyurdum. İndi də oyunçularımdan bunu tələb edirəm. Mənim üçün dünyanın ən gözəl işidi: futbol oynayırsan, pul qazanırsan, insanlar gəlib səni izləyir. Bu səbəbdən gündə bir neçə saat olan məşqdə əlindən gələni etməlisən.

 

Bəs hansı taktikanı üstün tutursunuz?

- Mən bir az Lippidən, bir az Boskovdan, bir az da Mandorlinidən götürmüşəm. Matça hər zaman 4-3-3-lə başlayıram və oyunun gedişində rəqibə uyğun dəyişməyi xoşlayıram. Burda dəyişikliklər hər zaman yaxşı görünmür. Ancaq məşq zamanı oyunçuları buna uyğun hazırlayıram. Bura öz ideyalarımı gətirmişəm. Əvvəlcə istirahət, sonra həftəlik gündə iki dəfə məşq olur. Açığı, ilk vaxtlar futbolçular məni yadplanetli kimi görürdülər. Ancaq düşünürəm ki, tələblərimi tez başa düşdülər.

 

Siz orda çalışan yeganə italyansınız?

- Azərbaycana ilk gələn mən oldum. Sonra Andrea Vetsunu da gətirdim. Məşqçilər korpusunun qalan hissəsi, onsuz da, var idi. Meydanda isə Canluka Sansone çıxış edir. Onu da "Novara"dan gətirdik.

 

Dil problemi yaşamırsınız?

- Mənim Mixail adlı tərcüməçim var. O, Moldovada da mənimlə birlikdə idi. Çox ağıllı olduğu üçün onun da özümlə gəlməsini istədim. İtaliyada oxuyub və cümləni emosional şəkildə çox yaxşı çatdıra bilir. Paltardəyişmə otağında ingilis dilində danışanlar var. Onlarla birbaşa özüm ünsiyyətə keçirəm. Ümumiyyətlə, qısa və konkret cümlələr işlətməlisiniz. Səsimi yüksəldəndə dərhal başa düşürlər.

 

Ən böyük xəyalınız nədi?

- Bu illər ərzində İtaliyada çalışmaq imkanım olmadığından, ora qayıtmaq istərdim. İtaliya futbolunun tarixi Moldova və Azərbaycandan daha zəngindi. ölkə xaricində də Avropa səviyyəsində böyüməyə və uğur qazanmağa çalışırlar. Ancaq klubumla hələ iki illik müqaviləm var.

 

"Napoli" ilə bağlı xatirələriniz necədi?

- Çox gözəl xatirələrim var. Çiro Ferraranın kapitanlığını xatırlayıram, onun dəstəyi vacib idi. Həmçinin Di Kanionun son qolu yadıma düşür, hansı ki, onun sayəsində UEFA Kubokuna vəsiqə qazandıq. Ən xoş xatirəm isə "Napoli"nin kapitanlıq sarğısını daşımağım oldu. Məncə, bu, ən böyük xoşbəxtlikdi.


Digər xəbərlər

Xəbər xətti