Nəhayət ki, bacardı. Roberto Bordini deyirəm, "Neftçi”nin italiyalı baş məşqçisi. İlk dəfə Azərbaycan çempionatında bir uğura imza atdı. Onun çalışdırdığı "ağ-qaralar” məğlub olduqları oyunu öz xeyirlərinə çevirə bildilər. Bu münasibətlə sinyor Robertonu səmimi qəlbdən təbrik edirəm.
Bununla da Bordin azərbaycanlı jurnalistlərin tənəsindən, kinayəli suallardan xilas ola biləcək. Daha Bordinə "nə üçün məğlub duruma düşdüyünüz oyunları xilas edə bilmirsiz” sualı verilməyəcək. Onun üçün böyük uğurdu. Bu uğurun qazanılmasında 21 yaşlı müdafiəçi Ömər Buludovun da böyük payı var. Gənc futbolçu lazım olan anda lazımi yerdə olmağı, topa effektiv zərbə vurmağı bacardı.
Ömərin həmin zərbəsi olmasaydı, Bordinə yönələn tənqidlər daha da çoxalacaq, "Neftçi”nin çempion olacağına bəslənən ümidlər isə xeyli zəifləyəcəkdi. Bircə faktı xatırlamaq kifayətdi ki, Ömərin qolu zamanı "Sumqayıt” meydanda azlıqda qalmışdı. Komandanın əsas qapıçısı Mehdi Cənnətovla yanaşı baş məşqçisi də gənc hakim Rəşad Əhmədovun sərt üzünü görmüş, meydandan qovulmuşdu. Yəni, 3 xal hazır kökə kimi idi, qalırdı onu çeynəyib, udmaq. Bunu bacaran qəhrəman olacaqdı.
Yüzminlərlə avro qarşılığında "Neftçi”yə gətirilən Dabo, Sansone, Patellas bunu bacarmadı. Hansı ki, bu futbolçuları elə "Neftçi”yə belə oyunlarda xilaskara çevrilmək üçün gətiriblər. Onlar qol vurmalı, ağ-qara rənglərə könül verənləri sevindirməli, qazandıqları pulların qarşılığını verməlidilər. Bacarmadıqları göz önündədi.
Onların bacarmadıqlarını gənc azərbaycanlı bacarır. Özü də mövqeyi müdafiəçi olan biri. Bəli, komandaya kömək etmək onun hər bir üzvünün borcudu, istər müdafiəçi, istərsə də hücumçu. Amma bir məsələ var ki, "Neftçi”nin daxilində gedən proseslər hazırda heç də Bordinin xilaskar obrazına yaraşmır. İtalyan mütəxəssis gah "mən transferlərə qarışmıram” deyir, gah da bu sözünü unudur. Bu da səbəbsiz deyil. Yayda transferlərdən kənar saxlanan məşqçi qışda bunun əvəzini çıxıb. Elə onun da nəticəsidi ki, bu gün həmyerlisi Canluka Sansonenin arxasında möhkəm dayanıb. Karikari ilə rəqabətdən qalib çıxan, bir andaca Azərbaycan futbolunun "yeni ulduz”una çevrilən Abbasov isə artıq kölgəyə çəkilib, yaxud da göndərilib.
Fakt odu ki, qış fasiləsinə qədər əsas heyət üzvü sayılan Mirabdulla indi əvəzedici statusundadı. Azərbaycan futbolunda "vuran ayaq” probleminin olduğu inkar oluna bilməz. Elə buna görə də Mirabdulla parlamağa başlayarkən hamı sevinir, onun böyük gələcəyinə inanırdı. Bu gün həmin parlaq gələcək 32 yaşlı italyana, veteran legionerə qurban verilir. Özü də "xalq komandası”nda! "Neftçi”nin çempionluq istəyi, Bordinin məşqçi kimi futbola baxışı başa düşüləndi. Amma bütün bunların fonunda belə Mirabdulla Sansoneyə, yaxud bir digərinə qurban verilməməlidi.
Biz deyilikmi Qurban Qurbanovu asıb-kəsənlər? "Neftçi” azarkeşlərindən tutmuş bir çox mətbuat nümayəndələrinə qədər təbliğat aparır, ittihamları hər imkandaca səslənirirdilər. Belə düşünənlər Mirabdullanı millinin heyətində görmək istəyir, ona xilaskar obrazında baxırdılar. Maraqlıdı ki, bu gün həmin adamlar Qurbanova qarşı sərgilədikləri davranışı Bordinə qarşı sərgiləmir, ondan Mirabdullaya eyni münasibəti göstərməsini tələb edə bilmirlər.
Nə baş verir? Olmaya, Bordin Sansone ilə birlikdə Azərbaycan futbolunu xilas edəcək?
Sport7.az