"Komandamın mübarizəsindən razı qaldım. Düzdür, səhvlər var. Amma məhz bu səhvlərin qurbanına çevrildik. Mübarizə, istək var idi. Bura 3 xal üçün gəlmişdik. İtkilərimiz var idi. David Kərimidən razı qaldım. Sərtan da zədəlidir. Ümumilikdə əvvəlki oyunlarla müqayisədə irəliləyiş var".
Sportarena.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının XXI turunda səfərdə "Zirə"yə 0:2 hesabı ilə yenildikləri oyundan sonra söyləyib.
"Komanda 90 dəqiqə mübarizə aparırsa, dayanmırsa, deməli, gücsüzlükdən söhbət gedə bilməz. Buraxılan iki qol həlledici oldu. Bilirdik ki, rəqib əks-hücuma yaxşı çıxır. İrəlidə 5 əcnəbi oyunçuları var. Onların qarşısı alınmalı idi. Amma sönük oyun göstərmədik. Baxımlı oyun var idi. Biz də qalib gələ bilərdik, qol epizodlarımız oldu. Qarşıya ümidlə baxırıq" - deyə baş məşqçi bildirib.
"Turnir cədvəlində komandalar bir-birinə yaxındır. Bu amil təzyiq yaradır" sualına Əhmədovun cavabı belə olub: "Sonuncu yerlərdə olan komandalarda təzyiq həmişə çox olur. Eyni zamanda çempionluğa oynayan klubda. Bu da təbii haldı. Nə qədər təzyiq çox olsa, daha möhkəm olmalıyıq. Bu, bizə əlavə stimul olmalıdı. Səhvlərimizin üzərində çalışıb, daha yaxşı nəticələr göstərməyə çalışacağıq".
Baş məşqçi "AFFA-dan bildirdilər ki, Kamran Ağayevin yığmaya çağırılmaması zədə ilə bağlı deyil. Necə düşünürsüz, Kamran yığmaya layiq deyil" sualını cavablandırıb: "Bu sualın mənə aidiyyəti yoxdu. Yeni baş məşqçi var və onun öz baxış tərzi mövcuddu. Seçim onundu. Biz də hörmətlə yanaşmalıyıq".