Martın 14-15-də U-16 Liqasında 22-ci turun oyunları keçirildi. Nəzərdə tutulan 7 qarşılaşmadan 1-i baş tutmadı. «Turan Tovuz» «Keşlə» ilə oyuna gəlmədi. Klub nümayəndələri səbəb kimi komandada futbolçu çatışmazlığını göstərdilər.
Baş tutan 6 oyunların bəziləri maraqlı nəticələrlə yekunlaşdı. «Zirə» ilə oyunda «Sabah»ın vacib 2 xal itirməsi «Qəbələ»ni çempionluğa bir qədər də yaxınlaşdırdı. Eyni zamanda heç-şeçə «Zirə»yə də ağır zərbə vurdu. Qəsəbə təmsilçisinin 3-cü yerə olan ümidi bir qədər də «əridi». Tur haqqında yazımıza elə bu oyunla başlayırıq.
«Zirə» - «Sabah» 1:1
Qollar: Nurəli Nurəliyev, 80 – Vüsal Vəliyev, 9
Komandaların var gücü ilə oynamasına mane olan yeganə amil külək idi. Buna baxmayaraq, matç olduqca maraqlı mübarizə şəraitində keçdi. Oyunboyu hər 2 komandanın kifayət qədər fərqlənmək imkanları oldu. Amma tərəflər hərəyə bir dəfə sevinə bildilər.
Hesab bir qədər erkən açıldı. Artıq, 9-cu dəqiqədə qonaqlar rəqibi əks-hücumda yaxalayaraq hesabda önə çıxdılar. Şahin Kərimlinin ötürməsindən sonra Vüsal Vəliyev Uğur İbrahimovla üz-üzə qaldı və «Zirə»nin qapıçısına şans vermədi. Buraxılan qoldan sonra meydan sahiblərinin hesabı bərabərləşdirmək üçün hələ 1-ci hissədə 3 təhlükəli həmləsi oldu. Məhəmməd Səfərov, Alı Alı və Vüsal Əliyevin fərqlənmək üçün şansları oldu. Əsas da Vüsalın 30-35 metr məsafədən vurduğu zərbə effektli alındı. Gəlki «Zirə»li futbolçuda dəqiqlik çatışmadı.
Qonaqların da ikinci qolu vurmaq üçün imkanları var idi. Xüsusilə Fərrux Fərzəliyevin ifasında. Amma onun başla «doqquzluğ»a göndərdiyi topu Uğur İbrahimov şətinliklə də olsa, dəf edə bildi.
«Sabah»ın qələbəyə yaxın olduğu bir vaxtda hər şey onlara qarşı getdi. Matçın sonuncu dəqiqəsində Nurəli Nurəliyev fərdi ustalığı sayəsində baxımlı qol vurdu və matçın heç-heçə bitməsinə səbəbkar oldu.
Komandalar məğlub olmasalar da, buna qətiyyən sevinmədilər. Çünki bayaq qeyd etdiyimiz kimi «Zirə» bürünc, «Sabah» isə qızıl medallar uğrunda yarışda əsas rəqiblərindən bir qədər də aralı düşdü.
«Zirə»nin baş məşqçisi Cəfər Hüseynov «Sabah»dan Fərrux Fərzəliyevlə qapıçı Kamran Şabıyevin oyununu daha çox bəyəndiyini söylədi. Onun «Sabah»lı həmkarı İlqar Mənsimovun rəqibin ən yaxşısı kimi seçdiyi futbolçular arasında «Zirə»nin qapıçısı Uğur İbrahimov var idi. İlqar müəllim Uğurdan başqa onları qələbədən edən Nurəli Nurəliyevin də oyununun göz oxşadığını bildirdi.
Gəncə TİM – «Qarabağ» 2:0
Qollar: Sənan Əliyev, 9; Samir Şamilov, 79
Gəncə TİM-nin bərbad meydanında keçirilən oyunda da 2 qol vuruldu. Amma bir komandanın qapısına.
Ötən tur iddialı «Keşlə»ni büdrətməyi bacaran «Qarabağ» bu dəfə gəncəlilər qarşısında aciz qaldı. 9-cu dəqiqədə Əbdüləli Qasımovun sağ ciahdan qapı önünə etdiyi asmanı Sənan Əliyev başla qapıya göndərdi. Buraxılan qoldan sonra daha çox səliqəli oyuna üstünlük verən «Qarabağ» kələ-kötür meydanda nəsə etməyə çalışsa da,
«Koçka»lar və külək buna imkan vermədi. Nəticədə matçın başa çatmasına 1 dəqiqə qalmış qapısında daha bir qol gördü. Radil Tanrıverdiyevin yerinə meydana daxil olan Samir Şamilov 2 müdafiəçidən sıyrılaraq komandasının ikinci qolunu vurdu.
Məğlubiyyət «Qarabağ»a təkcə 3 xal bahasına başa gəlmədi. Komanda 7-ci pillədəki yerini gəncəlilərə təhvil verməyə məcbur oldu.
Gəncə TİM-nin baş məşqçisi İlham Səmədov «Qarabağ»dan Cavidan İzzətli ilə Elnur Əliyevin, «Qarabağ»ın baş məşqçisi Asif Əlizadə isə Gəncə TİM-dən Sərxan Rüstəmovla Ümid Səmədovun adını çəkdi.
«Neftçi» - «Viləş» 5:0
Qollar: Dünyamalı Sevdimalıyev, 5, 33; Cavanşir Şahbazlı, 51; Nihad Cəfərov, 56; Ömər Qurbanov, 72
Yüksəlişdi olan «Neftçi»nin qəzəbinə bu dəfə Masallı təmsilçisi gəldi. Oyunboyu ərazi üstünlüyünə malik olan Mirbağır İsayevin komandası rəqibi 5 cavabsız qolla məğlub etdi. Matçda diqqət çəkən ən vacib məqamlardan biri 5-ci qolla bağlı oldu. Daha dəqiq, qolun müəllifi... «Neftçi»nin əsas heyətində meydana çıxan Ömər Qurbanov 2005-ci il təvəllüdlü futboçu idi.
«Neftçi»nin baş məşqçisi Mirbağır İsayev böyük hesablı məğlubiyyətə rəğmən «Viləş»dən Samir Əliyevlə Orxan Quliyevin seçildiyini bildirdi. «Viləş»in baş məşqçisi Kənan Seyfullayev isə «Neftçi»dən Nihad Cəfərov, Vahid Vəliyev və Nihad Şirinovun daha yaxşı oyun sərgilədiyini söylədi.
«Qəbələ» - «Neftçi» İK İB 6:1
Qollar: Xəyal Səmədov, 17; Gülağa Əsədov, 40+1; Mehrac Baxşəliyev, 57; Fuad Səlimov, 70; Rəşad Əmrahov, 80+2, 80+3 – Aşqin Abuzərov, 22
Çempionluq yolunda ən yaxın izləyicisi «Sabah»ın hal itirməsindən xəbərdar olan «Qəbələ» böyük hesablı qələbəyə baxmayaraq, «Neftçi» İK İB ilə oyunda xeyli əziyyət çəkdi. Meydan sahiblərinin erkən qol vurmaq istəkləri rəqibin mübarizliyi üzündən baş tutmadı. Hesab 1-ci hissənin ortalarında açıldı. Orxan Səlimovdan uzun ötürmə alan Xəyal Səmədov Murad Məmmədovla təkbətək mübarizədən qalib ayrıldı. Amma «Qəbələ»nin sevinci uzun çəkmədi. 4 dəqiqə sonra qonaqlar künc zərbəsini ev tapşırığı ilə yerinə yetirdi. İlqar Kazımov – Əli Səmədov - Aşqin Abuzərov kombinasiyasını sonuncu topu «doqquzluğ»a göndərməklə tamamladı. Buraxılan qoldan sonra hesabı yenidən xeyrinə dəyişməyə çalışan meydan sahibləri 1-ci hissəyə əlavə olunmuş 1-ci dəqiqədə istəklərinə çatdılar. Gülağa Əsədov cərimə zərbəsindən baxımlı qol vurdu.
Fasilədən sonra bir qədər yorğun görünən qonaqlar nə qədər çalışsalar da, oyunda dönüş yarada bilmədilər. Əvəzində qapılarında 4 qol gördülər. Üstəlik, bu qolların ikisi əsas vaxta əlavə olunmuş dəqiqələrdə gəldi. Hər iki halda oyuna sonradan qoşulan Rəşad Əmrahov fərqləndi. Yeri gəlmişkən, çempionatın bombardiri adına ən real namizədlərdən olan Mehrac Baxşəliyev 80 dəqiqədə 1 dəfə fərqlənsə də, «Səbail»li Rauf Ağasənovla qol sayını bərabərləşdirə bildi.
«Qəbələ»nin baş məşqçisi Xaqani Məmmədov qonaqların heyətində Fuad Səlimovla Aşqin Abuzərovun daha çox canfəşanlıq etdiyini dedi. «Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayev isə «Qəbələ»dən Mehrac Baxşəliyevin adını çəkdi.
«Sumqayıt» - «Səbail» 0:2
Qollar: Nicat Quliyev, 24, 71
«Səbail» çətin səfərdən 3 xalla qayıtmağı bacardı. 1-ci hissə meydan sahiblərinin üstünlüyü ilə keçdi. Küləkdən «kömək alan» sumqayıtlılar nə qədər çalışsalar da, rəqib qapısına yol tapa bilmədilər. Əvəzində 24-cü dəqiqədə qapılarında qol gördülər. Fərid Əhmədovdan ötürmə alan Nicat Quliyev hesabı açdı.
Fasilədən sonra bir qədər toparlanmağı bacaran «Səbail» diqtə edən tərəfə çevrildi. Daha çox topa sahib olan qonaqlar bir daha matçın başa çatmasına 9 dəqiqə qalmış fərqləndilər. Rauf Ağasənova qarşı edilən kobudluğa görə təyin olunan cərimə zərbəsini Nicat Quliyev məharətlə yerin yetirdi. Bu epizodda «Sumqayıt»ın qapıçısı Pünhan Canlarov heç nə ilə komandasına kömək edə bilmədi.
Vacib 3 xal «Səbail»i bürünc medallar uğrunda yarışda saxladı. Qeyd edək ki, «Səbail» növbəti tur bu yolda əsas rəqiblərindən biri «Keşlə»ni qəbul edəcək.
Matçın yaxşılarına gəlincə. «Sumqayıt»ın baş məşqçisi Vaqif Paşayev 2 qol vuran Nicat Quliyevi, «Səbail»in məşqçisi Yaşar Abuzərov isə «Sumqayıt»dan Cəmil Zeynalzadəni rəqibin ən yaxşı futbolçusu hesab etdi.
ROİL – İsgəndər Cavadov BFA 2:1
Qollar: İlkin Hacıyev, 17; Vüsal Hüseynzadə, 65 – Xəzər Ağalızadə, 72
Autsayderlərin görüşündə sevinən tərəf meydan sahibləri oldu və ROİL çempionatda 2-ci qələbəsini qazandı. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab 17-ci dəqiqədə açıldı. Səyyad Xantəmirovun cərimə zərbəsindən cərimə meydançasına göndərdiyi topu Sehran Abbasov qəbul etdi və İlkin Hacıyevi zərbə mövqeyinə çıxardı. İlkin fürsəti boşa vermədi.
Digər 2 qol fasilədən sonra vuruldu. İlk fərqlənən yenə ROİL oldu. İkinci qol birincinin oxşarı idi. 65-ci dəqiqədə yenə də cərimə zərbəsindən sonra Sehran Abbasov topu İsmayıl çççç göndərdi. İsmayıl isə öz növbəsində Vüsal Hüseynzadəni zərbə mövqeyinə çıxardı. Dəqiq zərbə və 2:0.
Qonaqların gücü buraxılan qollardan birinin əvəzini çıxmağa çatdı. Xəzər Ağalızadə cinah ötürməsini qapının uzaq küncünə göndərdi.
ROİL-in baş məşqçisi Samir Əliyev qonaqlardan «10 nömrə» Qoşqar Babayevin oyununu, İsgəndər Cavadov BFA-nın baş məşqçisi Qəhrəman Əliyev isə ROİL-dən qapıçı Afiq Musayevin duruşunu bəyəndiyini söylədi.
«Keşlə» - «Turan Tovuz» +:-
Əslində, bu matç cümə axşamı keçirilməli idi. Amma Tovuz təmsilçisinin müraciətinə əsasən qarşılaşma 1 gün ertələndi və cümə gününə təyin olundu. Təəssüf ki, oyunun başlama saatında meydana yalnız 1 komanda çıxdı. «Turan Tovuz» matça gəlmədi. Səbəb kimi komandanın futbolçu sarıdan korluq çəkdiyini öyrənə bildik. Baş məşqçi Nizami Ocaqverdiyev əlinin altında olan aparıcı futbolçuların bəzilərinin xəstələndiyini, bir neçəsinin isə zədəli olduğunu bildirdi.
«Turan Tovuz»a texniki məğlubiyyət veriləcəyi dəqiqdi. Bir qədər irəli gedərək turnir cədvəlində «Keşlə»nin 3:0 hesablı qələbəsini əks etdirməyi lazım bildik.
Hər halda «Keşlə» həftəni oyunsuz yola vermədi. Gürcüstanın «Abxazeti» komandası ilə «Şəfa»da yoxlama oyunu keçirən Xəyal Mustafayevin yetirmələri 3:1 hesabı ilə qalib gəldilər. «Keşlə»nin qollarını baxışda olan Zaur Allahverdiyevlə yanaşı penaltidən Asif Səfərov və Kamal Kazımov vurdular.
U-16 Liqasında növbəti həftə fasilə olacaq. 23-cü turun oyunları martın 28-də keçiriləcək: «Viləş» - ROİL, İsgəndər Cavadov BFA- «Qəbələ», «Neftçi» İK İB – «Zirə», «Sabah» - «Sumqayıt», «Səbail»- «Keşlə», «Turan Tovuz» - «Qarabağ», «Neftçi» - Gəncə TİM.
Bombardirlər: Rauf Ağasənov («Səbail»), Mehraç Baxışəliyev («Qəbələ») – 26 qol, Vaqif Həsənov («Keşlə»), Arif Məmmədov («Səbail») – 18 qol.
«Het-trik news» qəzeti