Nikola Yurçeviç: "Məğlub olmalı deyildik"

03:00 22 Mart 2019

"Xorvatiyanı qələbə münasibətilə təbrik edirəm. Əslində, məğlub olmalıdeyildik. Daha çoxunu əldə edə bilərdik. Təəssüf ki, bacarmadıq və burdan xalsız dönürük. Bununla belə, vuruşduq, çalışdıq. Dünyanın ən güclü komandalarından birinə qarşı oynadıq. Rəqib qrupun ən güclü komandasıdı. Bu görüş bizim gələcəyimiz, motivasiyamız üçün vacibdir. İyunda iki ev oyunumuz var və biz çox xal toplaya bilərik".

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri seçməmizin baş məşqçisi Nikola Yurçeviç deyib. Rəsmi debüt matçında Xorvatiya millisindən 1:2 hesablı yenilgi alan Azərbaycanın çalışdırıcısı qarşılaşmanın ardından mətbuat konfransına qatılıb. AVRO-2020-nin seçmə qrup oyununu dəyərləndirən 53 yaşlı çalışdırıcı daha sonra jurnalistlərin suallarını cavablandırıb.

 

 

- Oyun ərzində hakimə tez-tez etiraz edirdiniz...

- Mən yalnız subyektiv fikrimi bildirirdim. Epizodlardan uzaq idim. Fikrimcə, verilən qərarların bəziləri doğru deyildi. Rəqib qələbəyə daha layiq idi. Qələbəyə hakim qərarları ilə kölgə salmaq istəmirəm.

 

 

-Xorvatiya yığması sürəti artırdıqda Azərbaycan yığması "çatdırmırdı". Gələcək oyunlarda nə lazımdır ki, belə rəqiblərlə oyunlarda xal qazanmaq mümkün olsun?

- Bu oyuna ciddi hazırlaşmışdıq və hər şeyi oyunçulara çatdırmışdıq. Bəxtimiz gətirsəydi, xal qazana bilərdik. Top-komanda ilə oyunda belə alınması gözlənilməzdi. Çünki əvvəldən bunu demək olmazdı. Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm. Xorvatiya FIFA reytinqində 4-cü yerdədir, dünya vitse-çempionudur. Bəlkə də hissənin axırlarında qol buraxmasaydıq, xal qazana bilərdik.

 

 

- Oyunçularınızın performansından razı qaldınız?

- Hansınısa qabartmaq və ya narazılıq etmək istəmirəm. Ola bilsin, hansısa fərqləndi, amma ümumilikdə komandanın performansından narazı deyiləm.

 

 

- Xorvatiya millisinin oyunu barədə nə düşünürsünüz?

- Həmişə ürəyim Xorvatiya ilə döyünüb. Amma bu gün istəyim xal əldə etmək idi. Təəssüf ki, alınmadı.

 

 

- Bu rəqibdən Bakıda xal götürmək mümkün olacaqmı?

- Qarşıdakı müddətdə komanda ilə işləmək üçün çox vaxt olacaq. Ümid edirəm ki, Slovakiya və Macarıstanla oyunlarda daha yaxşı performans göstərəcəyik. Bu görüşlər bizim üçün həlledici olacaq. Optimistəm və inanıram ki, qələbə qazana biləcəyik.

 

 

- Oyunçularınızdan razı qaldığınızı dediniz. Bəs özləri nə hiss edirlər?

- Onlar da mənim kimidirlər. Bir tərəfdən başa düşürlər ki, güclü komandaya qarşı oynadılar. Digər tərəfdən, qələbəni əldən verdikləri üçün üzgündürlər. Dostlar yazırlar ki, təbrik edirik, layiqli çıxış etdiniz. Azərbaycan xalqına bayram hədiyyəsi bəxş etmək istəyirdik. Təəssüf ki, alınmadı.


Digər xəbərlər

Xəbər xətti