“Azərbaycan real qol şansı yarada bilmədi” - Litva millisinin baş məşqçisi

00:26 26 Mart 2019

“Mübarizəli oyun getdi. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik.  Oyuna ciddi hazırlaşmışdıq”. 

 

Sportarena.az xəbər verir ki, bu sözləri oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən 51 yaşlı Litva milli komandasının baş məşqçisi Valdas Urbonas deyib:

 

“Daha çox müdafiə planında fəaliyyətimiz məni narahat edirdi. Ancaq rəqibin təzyiqinə tab gətirə bildik. Birinci hissədə yaxşı oynadıq, ikinci hissədə isə Azərbaycan yaxşı oyun sərgilədi. Ancaq rəqib komanda real qol şansı yarada bilmədi. Nəticə oyuna görə oldu. Ümumilikdə komandanın oyunundan razı qaldım”. 

 

- Yəqin ki, razılığınız qol buraxmadığınıza görədir. 
- Azərbaycan güclü, texnikalı futbolçulardan təşkil olunub. Belə komanda ilə oyunda müdafiəyə diqqət yetirmək vacibdir. İlk hissədə pressinq sayəsində buna imkan verməməyə çalışdıq. Əlbəttə, biz də hücumlar qurmaq istəyirdik. 

- Bu görüşdən əvvəl Lüksemburqa məğlub olmuşdunuz. Sizcə, hansı komanda daha güclüdür?
- Bu iki oyunu müqayisə etmək istəmirəm. Biri rəsmi, biri yoxlama matçı idi. O qədər də uğurlu təqvim deyildi. Daha yaxşı olardı ki, əvvəlcə yoldaşlıq oyunu keçirərdik. Azərbaycan millisi Xorvatiyaya qarşı yaxşı oyun sərgiləmişdi. Həmin matçda müdafiədən çıxış etdilər, bu gün isə topa yiyələndilər. Top səndə olanda daha çox yaradıcılıq olur. Bu oyunlardan qalibiyyətlə ayrılmaq istəyirdim. 

- Azərbaycan millisinin güclü tərəflərini dediniz, bəs zəif cəhətləri hansı idi?
- Mən gördüklərimi demişəm. Azərbaycan millisinin yaxşı futbolçuları var. Amma komandanın oyununu təhlil etmək düzgün olmaz. Bu gün bir daha əmin oldum ki, komandanın təcrübəli futbolçuları var. Qarşılaşma üçün Azərbaycan milli komandasına təşəkkür edirəm.

 

Qeyd edək ki, Litva yığması yoldaşlıq oyunları çərçivəsində səfərdə millimizlə qolsuz heç-heçə edib. 


Digər xəbərlər

Xəbər xətti