"Qələbə qazanmaq istəyirdik. Amma bunun üçün meydanda heç nə etmədik. Bu gün ümumilikdə pis oynadıq".
Sportarena.az "Qəbələ"nin rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 22-ci turunun "Sabah"la oyunundan sonra keçirilən mətbuat konfransında deyib. 0:0 hesabı ilə başa çatan qarşılaşma barədə fikirlərini açıqlayan gənc çalışdırıcı futbolçuların çıxışından narazı qalıb:
"Heyətdəki dəyişikliklər rəqibə total təzyiq etməyə hesablanmışdı. Topa daha çox nəzarət etməli idik. Amma planlarımız alınmadı. Sadə top itkilərinə yol verdik. Məni ən çox təəccübləndirən o oldu ki, fasilə dövründə yaxşı hazırlıq keçmişdik. Məşq prosesi və yoxlama oyununda futbolçular istəkli idilər. Yalnız Stiven Monrozla Vojislav Stankoviç hazırlıqlarda tam iştirak edə bilməmişdi. Onlar fərdi hazırlıq keçirdilər. Monroz bu gün də zəif təsir bağışladı. Elementar top itkilərinə yol verdik, hücum qurmaqda çətinlik çəkdik. Futbolda belə hallar olur".