Azərbaycan Premyer Liqasının XXII turunda "Sumqayıt"a böyük hesabla (6:0) qalib gələn “Qarabağ” 2018/19 mövsümünün mükafatçılarə sırasında yerini təmin edib.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi mövsümü ən pis halda 3-cü sırada bitirəcək və Avropa Liqasında oynamaq hüququ qazanacaq.
Bu, Qurban Qurbanovun komandasının öz oyununu qələbə bitirməsiylə yanaşı, həm də “Qəbələ”nin “Sabah”la matçda büdrəməsi sayəsində reallaşıb. Sona 6 tur qalmış 48 xala malik olan "Qarabağ" 4-cü pillədəki "Qəbələ"dən 18 xal üstündür. Öz aralarındakı 3 oyunda da qələbə qazandığından "atlılar"ın artıq mövsümü "qırmızı-qaralar"dan geridə bitirmək ehtimalı yoxdur.
Maraqlıdır ki, 2-ci “Qarabağ”dan fərqli olaraq, turnir cədvəlinin lideri “Neftçi”nin mükafatçılar sırasında yeri hələ təmin olunmayıb. Bakı klubu da 4-cü “Qəbələ”dən 18 xal öndədir, ancaq öz aralarındakı oyunlarda rəqibindən geri qaldığından nəzəri olaraq “Qəbələ”nin "Neftçi"ni keçmək ehtimalı qalır. Roberto Bordinin komandası növbəti turda 1 xal qazansa, ilk "3-lük"də yerini təmin edəcək.