U-15 Liqası: "Sabah" liderliyi ələ keçirdi

12:00 4 Aprel 2019

Dünən U-15 Liqasında təxirə düşmüş 21-ci tura yekun vuruldu. Bu tura təsadüf edən «Qəbələ» - «Zaqatala» matçı isə hər iki tərəfin razılığı ilə daha əvvəl baş tutmuşdu. Martın 26-da keçirilən qarşılaşmada «Qəbələ» rəqibin 4 cavabsız qolla məğlub etmişdi.

 

Çərşənbə axşamı və çərşənbə günü baş tutan 6 qarşılaşmanın hesabları və 4 oyun haqqında bir qədər ətraflı. Digər 2 oyuna gəlincə, İsgəndər Cavadov BFA – «Neftçi» İK İB (0:3) və «Mil-Muğan» - «Səbail» (1:8) matçlarının yalnız hesabını öyrənə bildik.

 

«Sumqayıt» - «Sabah» 0:4
Qollar: Şahmar Aşurov, 8, 40; Elxan Zeynalabdınzadə, 15; Firəddin Abdullayev, 63

 

Qonaqların tam üstünlüyü şəraitində keçən oyunda onlar inamlı qələbə qazandılar. Matçda hesab erkən açıldı. 8-ci dəqiqədə Ayxan Allahverdiyevdən uzun ötürmə alan Şahmar Aşurov rəqib qapıçı Xəyal Fərzullayevlə təkbətək çıxdı və onu da aldadaraq topu boş qapıdan keçirdi. Cəmi 7 dəqiqə sonra «Sabah» ikinci dəfə fərqləndi. Elxan Zeynalabdınzadə fərdi bacarığı sayəsində soyadı kimi uzun reyd edərək topu uzaq «doqquzluğ»a göndərdi. Bu, eyni zamanda birinci hissənin nəticəsini müəyyənləşdirən qol oldu.

 

«Sabah» ikinci hissədə də 2 qol vurdu. Əvvəlcə ilk qolun müəllifi Şahmar Aşurov çoxgedişli kombinasiyadan sonra hesabı 3:0 etdi. Matçda son nöqtəni isə «Sabah»ın digər qol silahı Firəddin Abdullayev qoydu. Final fitinə 7 dəqiqə qalmış Firəddin cinah ötürməsini bir toxunuşla «Sumqayıt»ın qapısından keçirdi.

 

Qazanılan 3 xal «Sabah»ı çempionatın vahid liderinə çevirdi. İndi məktəblilər qalan oyunların hamısında qalib gəlməklə qızıl medallara sahib çıxa bilərlər. Amma nəzərə alaq ki, 24-cü turda onları evdə «Qəbələ» ilə ölüm-dirim qarşılaşması gözləyir.

 

Qalib komandanın baş məşqçisi Namiq Allahverdiyev rəqibdən Nizam Əhmədov və Mübariz Hüseynzadənin xoş təsir bağışladığını söylədi. «Sabah»dan isə oyunun ən yaxşıları Cavid Adnayevlə Ayxan Allahverdiyev oldular.

 

«Zirə» - «Neftçi» 0:3
Qollar: Bahadur Quliyev, 11; Nurlan Musayev, 43; Oruc Məmmədov, 60

 

Çempionluğa ən real namizədlərdən olan «Neftçi» səfərdən 3 xalla dönməyi bacardı. «Sumqayıt» - «Sabah» matçından fərqli olaraq Aviasiya Akademiyasının stdionunda «birqapı» oyun getmədi. «Zirə» böyük hesablı məğlubiyyətə rəğmən heç də pis təsir bağışlamadı. Amma rəqib çox güclü idi və bu, özünü hesabda göstərdi.
Maraqlıdır ki, hesabı açan tərəf «Zirə» ola bilərdi. Matçın lap əvvəllərində «Zirə»nin hücumçusu Mahmud Ağayev rəqib müdafiəçilərdən sıyrılaraq güclü zərbə ilə tiri silkələdi. «Neftçi»nin cavabı özünü gecikdirmədi və 11-ci dəqiqədə standart vəziyyətdən sonra hesabı açdı. Elcan Əbilovun qapı önünə asmasını Bahadur Quliyev tamamladı. Bundan sonra hər iki komanda zaman-zaman təhlükəli həmlələrlə yadda qalsalarsa da, birinci hissədə qol səsi çıxmadı.

 

Fasilədən sonra tempi bir qədər də artıran «Neftçi» daha 2 qola sevindi. 43-cü dəqiqədə «Zirə»nin qapıçısı Məhəmməd İsmayılovla üz-üzə qalan Nurlan Musayev dueldən qalib ayrıldı. Hissənin ortalarında isə səhnəyə çempionatın bombardiri Oruc Məmmədov çıxdı. O, şəxsi keyfiyyətləri hesabına rəqib müdafiəçilərdən sıyrılaraq baxımlı qola imza atdı. Bununla Oruc çempionatdakı qollarının sayını 43-ə yüksəltdi. İndi o, ən yaxın izləyicisi «Sabah»lı Şahmar Aşurovu 10 top qabaqlayır. Qalan 4 turda Oruc Məmmədovun bombardirliyi əldən verəcəyi heç inandırıcı görünmür.

 

«Zirə»nin baş məşqçisi Niyazi Rzayev rəqibdən Sərxan Məmmədovla bir neçə epizodda «Zirə»nin real qol epizodlarını heçə endirən qapıçı Rəvan Kazımovun oyununu daha çox bəyəndiyini söylədi. «Neftçi»nin baş məşqçisi Eldəniz Məmmədov isə «Zirə»dən Mahmud Ağayevin adını çəkdi.

 

«Xilə» - Gəncə TİM 2:1
Qollar: Elnur Adıgözəlov, 31; Orxan Novruzov, 42 – Sərxan Ağayev, 49

 

Turnir cədvəlində qonşu olan komandaların oyununda sevinən tərəf meydan sahibləri oldular. Amma bu sevinc onlara böyük zəhmət bahasına başa gəldi. Rəqibi əks-hücumda yaxalamağa çalışan və bu üzdən qapılarının qeydinə daha çox qalan Gəncə TİM-nin müdafiə xəttini yarmaq «Xilə»yə o qədər də asan olmadı. Hər halda davamlı hücumlar nəticəsində Zaur Seyidovun komandası 31-ci dəqiqədə hesabı açdı. Rəqibi təziyq altında saxlayan Elnur Adıgözəlov Gəncə TİM-nin qapıçısı Fərid Əhmədovun «hədiyyə»sini qola çevirdi.

 

«Xilə» 2-ci qolu fasilədən sonra vurdu. 42-ci dəqiqədə Ağamirzə Əliyevin ara ötürməsindən sonra hücuma qoşulan müdafiəçi Orxan Novruzov güclü zərbə ilə topu qonaqların qapısından keçirdi. Buraxılan ikinci qoldan sonra hücumlarının kəsərini artıran gəncəlilər 7 dəqiqə sonra istəklərinə çatdılar. Sərxan Ağayev buraxılan qollardan birinin əvəzini çıxdı. «Xilə» matçın sonlarına doğru fərqi yenidən artıra bilərdi. Lakin penaltidən yararlana bilmədi. Yaqub Qazıyev Fərid Əhmədov səddini keçə bilmədi. Bundan ruhlanan qonaqlar matçın son dəqiqələrində nə qədər çalışsalar da, bərabərliyi gətirə bilmədilər.

 

«Xilə»nin baş məşqçisi Zaur Seyidov Gəncə TİM-dən Ruslan Aslanovla Emil Həmzəyevin oyununu bəyəndiyini söylədi. Meydan sahiblərindən isə bu oyunda daha çox zoş təsir bağışlayan qol müəllifləri oldular.

 

«Qarabağ» - «Keşlə» 1:3
Qollar: Rəşid Səfixanlı, 18; Hüseyn Quliyev, 27, 54 – Riad Məmmədov, 44

 

«Sərhədçi» OİK-nin meydanında baş tutan turun mərkəzi oyununda qonaqlar vacib 3 xal qazandılar. Olduqca maraqlı mübarizə şəraitində keçən görüşdə hər iki tərəf qələbəyə layiq oyun sərgilədi. Amma sevinən tərəf qonaqlar oldular. Hesabı açan da onlar idi. 18-ci dəqiqədə künc zərbəsindən sonra qapı önünə göndərilən topu Rəşid Səfixanlı başla tora qovuşdurdu. Buna kimi isə «Keşlə»dən Cavid Yadullayevlə Tural Əmirhüseynov, «Qarabağ»dan isə Nəriman Axundzadə ilk qolun müəllifi ola bilərdilər. Lakin adları çəkilənlərin hamısında dəqiqlik çatışmadı. Birinci qoldan 9 dəqiqə sonra Hüseyn Quliyev rəqibin 2-3 futbolçusunu keçərək Ərtoğrul Quliyevlə üz-üzə qaldı və əlinə düşən fürsəti qolla tamamladı. Birinci hissə 0:2 hesabıyla başa çatdı. 
Fasilədən sonra məğlub durumda olan «Qarabağ» təzyiqi artırdı və nəticədə komanda buraxılan qollardan birinin əvəzini çıxdı. Nəriman Axundzadəyə qarşı edilən kobudluğa görə təyin olunan cərimə zərbəsini Zeynal Axundzadə yerinə yetirdi və onun uzun ötürməsindən sonra əlverişli mövqedə dayanmış Riad Məmmədov bir toxunuşla toru silkələdi. Matçın sonuna doğru meydandakı mübarizə daha gərgin xarakter almağa başladı. «Qarabağ»lılar məğlubiyyətdən xilas olmağa, «Keşlə» isə qələbə hesabını qorumağa çalışırdı. Sonda ikincilər istəklərinə çatdılar. Üstəlik, daha bir qol vurmaqla. «Keşlə»nin ən yaxşılarından olan Hüseyn Quliyev matçda son nöqtəni qoydu. Süleyman Süleymanovun Qurban Səfərova qarşı kobud oyununa görə hakim «Qarabağ»ın cərimə meydançasının həndəvərində cərimə zərbəsi təyin etdi. Məsuliyyəti üzərinə götürən Hüseyn güclü zərbə ilə komandasının 3-cü qolunu vurdu. 

 

«Qarabağ»ın baş məşqçisi Xəyal Həsənov «Keşlə»dən Hüseyn Quliyevin, qonaqların çalışdırıcısı İlham Yadullayev isə «Qarabağ»dan Nəriman Axundzadənin daha yaxşı oynadığını bildirdi.

 

Bombardirlər: Oruc Məmmədov («Neftçi») – 42 qol, Şahmar Aşurov («Sabah»)- 31 qol, Sərxan Mirzəzadə («Qəbələ») – 23 qol.

 

U-15 Liqasında 23-cü turun oyunları aprelin 6-7-də keçiriləcək. Artıq, oyunların başlama saatı və keçiriləcəyi yerlər məlumdur:

 

06 aprel (şənbə)
11:30 «Sumqayıt» - «Qarabağ» (Sumqayıt, «Kapitalbank Arena»)
14:00 «Qəbələ» - «Səbail» (Qəbələ şəhər stadionu)
14:00 «Mil-Muğan» - «Keşlə» (İmişli şəhər stadionu)
15:00 «Zirə» - «Sabah» (Aviasiya Akademiyasının stadionu)
15:30 «Neftçi» İK İB – Gəncə TİM (Lökbatan OİK-nin meydanı)
16:00 İsgəndər Cavadov BFA – «Neftçi» (Abşeron OİK-nin meydanı)

 

07 aprel (bazar)
15:00 «Xilə» - «Zaqatala» (Şağan OİK-nin meydanı)

 

«Het-trik news» qəzeti



Digər xəbərlər

Xəbər xətti