"Çox emosional oyun keçdi. Komandam yaxşı oyun sərgilədi. 2:0 hesabı ilə öndə olduğumuz vaxt açıq oyun getdi. Bu zaman qapımıza qollar vuruldu. Amma komandam xarakter göstərdi. Daha çox qol vura bilərdik".
Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının XXIII turunda evdə "Zirə"yə 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
İtaliyalı mütəxəssis ilk qoldan sonra tribunaya tərəf dönərək emosional işarə etməsinin səbəbi barədə danışıb: "Əlbəttə, o "Neftçi" azarkeşi idi. Bütün "Neftçi" camiəsi qələbə gözləyirdi. İlk qol gecikirdi. Azarkeş mənə jest göstərmişdi. Buna görə belə alındı və bu da normal haldı".
Bordin Canluka Sansonenin ehtiyatda qalmasının səbəbini açıqlayıb: "Sansonenin yüngül ağrıları vardı. Ancaq Mirabdulla Abbasov özünü həftəboyu məşqlərdə yaxşı göstərmək üçün çalışdı. Yaxşı oynadı, yalnız qol çatmadı. Bu, olsaydı, özünə inamı daha yaxşı olardı".
Baş məşqçi son dəqiqələrdə iki komanda futbolçuları arasında baş vermiş insidentə də münasibət bildirib: "Əlbəttə, oyunun sonlarında baş verənlər futbolun bir hissəsidi. Bunu normal qarşılayıram. Oyunçular arasındakı münaqişəni gördükdən sonra Samir Abasovla birgə aranı sakitləşdirməyə çalışdıq. Buna bənzər insident mənimlə Abasov arasında da olub. Amma artıq o, unudulub gedib. Bu gün isə birgə münaqişəni soyutduq".