Samir Abasov: "Bu gün uduzduqsa, deməli, haqlı məğlub olmuşuq"

20:45 6 Aprel 2019

"Hər iki komandaya maraqlı oyuna görə təşəkkür düşür. Həddən artıq gərgin qarşılaşma alındı. Sonadək qələbəni kimin qazanacağı bilinmirdi. Qarşıda bizi çətin mərhələ gözləyir. Bu oyunun üzərində dayanmamalı və gələcəyi düşünməliyik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 23-cü turunda səfərdə "Neftçi"yə 2:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

 

41 yaşlı mütəxəssis oyunun sonlarında baş vermiş insidenti belə şərh edib: "Baqali Daboya uğurlar arzuladığım halda, Emin Mahmudova etirazımı bildirdim. O, hər şeyi etdi ki, İlkin Muradova qırmızı vərəqə göstərilsin. Orxan Sadıqlı isə meydana girmək ixtiyarı olmadığı üçün qırmızı vərəqə aldı. Qaldı özümün əsəbiləşməyinə, mən elə həmişəki Samirəm".

 

Abasov komandasının çıxışından da narazılıq ifadə edib: "Bu gün "Neftçi" iki standart vəziyyətdə qol vurdu. Bunu futbolçulardan sorğu-sual edəcəyik. Oyunun əvvəllərində özümüz rəqibə qol imkanı yaratdıq. Bilal Həmdi vura bilmədiyini rəqib vurdu. Həmdi həm də bu gün zədələndi. Onun durumuna gələn həftə ərzində baxacağıq. İkinci hissədə oyunçularımız arasında anlaşılmazlıq nəticəsində daha bir qol buraxdıq. Dabonun bu gün yaxşı oynaması bizim müdafiəçiləri pis vəziyyətdə olmalı demək idi. Qış fasiləsindən sonra "Sabah"la matç çıxmaqla bütün oyunlarda inamlı təsir bağışlamışdıq. Bu gün uduzduqsa, deməli, haqlı məğlub olmuşuq".


Digər xəbərlər

Xəbər xətti