Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, toplantıda Topaz Premyer Liqanın XXIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
23-cü turun "Neftçi” - "Zirə” matçında "ağ-qaralar"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 90-cı dəqiqəsində "Zirə"nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Oyun başa çatdıqdan sonra qonaq komandanın qapıçısı Orxan Sadıqlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
Qərarda qeyd edilib ki, matçın ikinci hissəsi "Neftçi"nin səhlənkarlığı ucbatından 6 dəqiqə gec başladığından klub 2400 manat cərimə olunub. Oyundan sonra "Neftçi"nin mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq olunacaq.