Həftəsonu U-15 Liqasında 23-cü turun oyunları keçirildi. Tur 1 sensasiya ilə yadda qaldı. Liderlər qrupunda yer alan «Qarabağ» gözlənilmədən «Sumqayıt»la oyunda məğlub oldu.
Əvvəlki kimi 3 komanda – «Sabah», «Neftçi» və «Qəbələ» çempionluq uğrunda mübarizə aparır. Qızıl medallara ən real namizəd «Sabah»dı. 24-cü turda «Qəbələ»ni qəbul edəcək «Sabah» qalib gələrsə, çempionluğu böyük ölçüdə həll etmiş olacaq. Xal itkisi təqdirində pusquda dayanan «Neftçi» liderliyi ələ keçirə bilər. O ki qaldı «Qəbələ»yə, «Sabah»dan 3 xal alsa belə, əyalət təmsilçisi «Neftçi»nin də büdrəməsinə ümid etməlidi. Bu azmış kimi, təqvimə nəzər salsaq, «Qəbələ» son 3 turda çox güclü rəqiblərlə qarşılaşacaq. Sözügedən 3 komandanın son 3 turda keçirəcəyi oyunlar:
24-cü tur: «Sabah» - «Qəbələ», «Neftçi» - «Xilə».
25-ci tur: İsgəndər Cavadov BFA – «Sabah», «Qəbələ» - «Keşlə», «Neftçi» İK İB – «Neftçi».
26-cı tur: «Qarabağ» - «Qəbələ», «Sabah» - «Xilə», «Neftçi» - «Zaqatala»
23-cü turun oyunlarına gəlincə, nəticələr və bəzi oyunlar haqqında məlumatı təqdim edirik:
«Xilə» - «Zaqatala» 1:0
Qol: Kamran Allahverdiyev, 31
Bənzər rəqiblərin mübarizəsində ərazi üstünlüyü «Xilə»nin tərəfində idi. Daha çox müdafiəyə fikir verən «Zaqatala» rəqibi əks-hücumda tutmağa çalışırdı ki, bu da onlarda həmin gün alınmadı. Matçda cəmi 1 qol vuruldu. 31-ci dəqiqədə Ayxan Səfərovdan ara ötürməsi alan Kamran Allahverdiyev zaqatalalı Eldar Tərlanovla üz-üzə qaldı və dueldən qalib ayrıldı.
Fasilədən sonra da oyunun gedişi dəyişmədi. Hər 2 komandanın səylərinə baxmayaraq, matçda başqa qol vurulmadı.
«Xilə»nin baş məşqçisi Zaur Seyidov qonaqların heyətində cinah yarımmüdafiəçiləri Aqil Nəzərli ilə Xəyal Əmirovun oyununu daha çox bəyəndiyini söylədi. «Zaqatala»nın baş məşqçisi İslam Şabanov isə meydan sahiblərindən qolun müəllifi Kamran Allahverdiyevin adını çəkdi.
«Mil-Muğan» - «Keşlə» 0:3
Qollar: Kamran Məlikov, 13, 68; Hüseyn Quliyev, 49
Asan rəqiblə mübarizədə qonaqlar böyük hesablı qələbəyə sevindilər. Amma matçınn başlanğıcı onlar üçün heç də yaxşı alınmaya bilərdi. 10-cu dəqiqədə «Mil-Muğan»ın «10 nömrə»si Əli Fətəlizadə «Keşlə»nin qapıçısı Saşib Həsənovla təkbətək mübarizədə əlinə düşən real qol şansını dəyərləndirə bilsəydi, matçın axarı fərqli ola bilərdi. Bundan cəmi 3 dəqiqə sonra isə hesab açıldı. Rəqibi əks-hücumda yaxalayan «Keşlə» Kamran Məlikovun sayəsində hesabda irəli çıxdı. Kamranın qol vurmasına Rəşid Səfixanlı şərait yaratdı.
Fasilədən sonra da böyük ərazi üstünlüyünə malik olan «Keşlə» 49-cu dəqiqədə Hüseyn Quliyevlə, 68-ci dəqiqədə isə Kamranla daha 2 qol vuraraq qələbə qazandı.
«Keşlə»nin məşqçisi Nurəddin Məmmədov meydan sahiblərinin heyətində Ramal İsmayıllı ilə Əli Fətəlizadənin seçildiyini bildirdi. «Keşlə»dən isə Kamran Məlikov oyunun qəhrəmanı idi.
İsgəndər Cavadov BFA - «Neftçi» 1:3
Qollar: Qiyas Manafov, 53 – Bahadur Quliyev, 10, 26; Əfqan Nuriyev, 33
«Zirə» - «Sabah» 0:5
Qollar: Ayxan Allahverdiyev, 6; Şahmar Aşurov, 9 (pen.), 39; Firəddin Abdullayev, 33; Turqut Mustafazadə, 57
«Qəbələ» - «Səbail» 5:1
Qollar: İxtiyar Məmiyev, 13; İlham Alıyev, 18 (avtoqol); Sənan Ağalarov, 32; Sərxan Mirzəzadə, 54; Elmir Hüseynli, 70+1 – Mirzalı Mirzalıyev, 20
«Sumqayıt» - «Qarabağ» 1:0
«Neftçi» İK İB – Gəncə TİM 2:1
Bombardirlər: Oruc Məmmədov («Neftçi») – 43 qol, Şahmar Aşurov («Sabah»)- 35 qol, Sərxan Mirzəzadə («Qəbələ») – 24 qol.
U-15 Liqasında 24-cü turun oyunları aprelin 13-14-də keçiriləcək. «Qarabağ» - «Mil-Muğan», «Keşlə» - «Zirə», «Sabah» - «Qəbələ», «Səbail» - İsgəndər Cavadov BFA, «Neftçi» - «Xilə», «Zaqatala» - «Neftçi» İK İB, Gəncə TİM – «Sumqayıt».
«Het-trik news» qəzeti