Azərbaycanın tanınmış idmançıları 10 aprel - Ədalətli İdman gününə həsr olunmuş sosial yönümlü video-çarxa çəkiliblər.
Azərbaycan Milli Antidopinq Agentliyindən Sportarena.az-a verilən məlumatına görə, filmdə taekvondoçu Fəridə Əzizova, akrobatika gimnastı Ceymur Cəfərov, futbolçu Ruslan Abışov, para-cüdoçu İlham Zəkiyev, güləşçi Şahanə Nəzərova, taekvondoçu Radik İsayev, eləcə də yeniyetmə gimnastlar - Əminə Babayeva, Gülnar Rəsulzadə, Elina Ağayeva, Osman Musa və Murad Məmmədzadə yer alıb. Ölkənin tanınmış və gənc idmançıları rəqibə hörmətli olmağa, ədalətli mübarizəyə və təmiz qələbəyə çağırış ediblər. Video-çarx həmçinin AMADA-nın sosial şəbəkələrdəki hesablarında ("Facebook", "Instagram", "YouTube") və "www.playtrueday.com" səhifəsində də yayımlanıb.
Bununla yanaşı, AMADA-nın təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Respublika Velotrekində bu mövzuda seminar təşkil edilib. Seminarda velosipedçilərlə yanaşı, digər idman növləri ilə məşğul olan yeniyetmə və gənclər də qatılıblar. Tədbir iştirakçılarına idmanda bərabərliyin qorunmasının vacibliyindən, ədalətli qələbə və “təmiz idman”ın əhəmiyyətindən və Agentliyin bu istiqamətdə fəaliyyəti haqqında məlumat verilib.
Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) 10 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib. 2013-cü il aprelin 10-da Cənubi Amerikanın 17 ölkəsinin iştirakı ilə keçirilən WADA-nın təhsil konfransında ədalətli idman təşəbbüsü irəli sürülüb. Cənubi Amerika ölkələrinin təşəbbüsünə daha sonra Avropa, ardınca isə bütün dünya ölkələri qoşulub. Hər il bu təşəbbüsə müxtəlif ölkələr qoşularaq silsilə tədbirlərə ev sahibliyi edirlər. Bu isə hərəkatın qloballaşmasına imkan yaradır. Hərəkatın sıralarının genişlənməsi dünyada "təmiz idmançılar"ın sayının artmasına, atletlərə rəqibə ədalətlə yanaşmaq və təmiz qələbə hislərini aşılamağa böyük töhfə verir.