I divizionda XXII tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, bu gün son 3 görüş keçirilib.
Lider MOİK "Keşlə"nin ikinci komandasını məğlub edərək, izləyicisi ilə fərqi qoruyub. Bununla "hərbçilər" eyni zamanda Premyer Liqaya vəsiqə qazanıb. Məsələ burasındadı ki, çempionatın əsasnaməsinə görə, I divizionda əvəzedici heyətlər istisna olmaqla, ən yüksək yer tutan komanda Premyer Liqaya adlayır. MOİK isə mövsümün sonuna 4 tur qalmış bu baxımdan əsas rəqibi "Zaqatala"nı 14 xal qabaqlayır.
MOİK elitaya növbəti dəfə vəsiqə əldə etməsinə baxmayaraq, AFFA-nın lisenziyalaşdırma prosedurlarını uğurla keçməsə, yenə ora buraxılmayacaq.
Günün digər oyunlarında "Qaradağ Lökbatan" "Səbail-2"yə 3:2, "Zirə-2" "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun 4 qarşılaşması dünən baş tutub. "Qarabağ-2" "Neftçi-2"ni 2:1, "Zaqatala" "Ağsu"nu 4:2, "Sumqayıt-2" "Sabah-2"ni 4:1, "Şüvəlan" isə "Kəpəz"i 4:0 hesabı ilə yenib.