Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzan "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:
- Rəqibimizi qələbə münasibəti ilə təbrik edirəm. Belə oyunlarda buraxdığımız səhvlər məni çox məyus edir. İlk qol zamanı qapıçımız Şahin Zəkiyev ağır zədə aldı. Onsuz da itirə-itirə gedirik. Etdiyimiz uşaq səhvləri məni çox yorur. İkinci hissədə baş verən hadisələr bizdə başqa fiikirlər yaradır. İstəyirəm ki, sakitlik olsun.
- Şahin Zəkiyevin durumu necədir?
- Hazırda xəstəxanadadır. Burnu və göz altında sümüyü sınıb.
- Texniki zonadan uzaqlaşdırılmağınız nə ilə bağlıdır?
- Şahinə olan zərbəyə görə etiraz edirdim. Qol qeydə alınmamalı idi. Con Kamaranın da vərəqəsinə etirazımı bildirdim. Mən də futbolçu olmuşam. Kamaranın epizodunda müdaxilə yox idi. Ancaq sarı vərəqə aldı.
- Dediniz ki, məndə bəzi fikirlər formalaşıb. Nədir bunlar?
- Qış fasiləsindən sonra artıq ikinci hissədə qol buraxırıq. Bunlar araşdırılmalıdır. Səbəbini axtarır, bilmək istəyirik ki, komanda niyə ikinci hissədə qollar buraxır. Beynimizə bir neçə fikir gəlir.
- Totalizator ola bilər?
- Bilmirəm. İmanımı yandırıb kiminsə haqqına gorə bilmirəm.