Azərbaycan Premyer Liqasında 25-ci turun “Sabah” - “Neftçi” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib: “Oyun haqda çox danışmaq olar. İlk hissə yaxşı oynadıq. Bu mövsüm “Neftçi”dən xal ala bilməmişik. Qırmızı vərəqə epizoduna yenidən baxacam”.
- Təmkin Xəlilzadənın qovulmasına səbəb nədir?
- Daxili intizamı pozub. Klubdaxili məsələ olduğuna görə açıqlamaq düz olmaz. Səhvi varsa, cəzalandırılmalıdır. Bu yaxınlarda daha dolğun açıqlama veriləcək.
- İlk qolda Saşa Stamenkoviçin səhvi var idimi?
- Qol epizodunda səhvi var idi, çıxara bilərdi. Saşa bizim üçün lazımlı futbolçudur. Biz 3-cü yerə qalxanda bu futbolçuların rolu yüksək idi.
- İki hissə arasındakı bu qədər fərqin olması qırmızı vərəqəylə bağlı idi?
- Bəli. “Neftçi” kimi komandaya qarşı azlıqda oynamaq çətindir.
- Mövsümü belə bitirsəniz, rəhbərlik razı qalacaqmı?
- Çempionata başlayanda əsas məqsədimiz liqada qalmaq idi. Yuxarı yerlərdə olmaq istəyirik. Bacardığımız qədər irəliləmək istəyirik. Çempionat qurtaranda rəhbərlik son fikrini deyəcək.