2018/19-cu illər mövsümündə U-16 Liqasında çempionat başa çatdı. Cümə axşamı keçirilən son tur formal xarakter daşıyırdı. «Qəbələ» çempionluğunu daha əvvəl rəsmiləşdirmişdi. Sonuncu tur ərəfəsində mükafatçılar da bəlli idilər. Bu amil Yarışların Keçirilmə Departamentinin işini bir qədər asanlaşdırdı. Belə ki, qaliblərin mükafatlandırması sonraya saxlanmadı. Çempion «Qəbələ»yə ROİL-lə ev oyunundan sonra qızıl medallar təqdim edildi. Gümüş və bürünc medalların sahibi «Sabah»la «Keşlə» isə eyni vaxtda «ASK Arena»da «Keşlə» - İsgəndər Cavadov matçından sonra mükafatlarına qovuşdular. Maraqlıdır ki, ötən ilki U-15 Liqasında da məhz bu komandalar mükafatçılar sırasına düşmüşdülər. Fərq yalnız ondadır ki, bir il əvvəl «Sabah» çempion, «Qəbələ» isə 2-ci olmuşdu. «Keşlə» ötən il olduğu kimi bu il də çempionatı 3-cü yerdə tamamladı.
Çempionatın bombardiri «Qəbələ»nin hücumçusu Mehrac Baxşəliyev oldu. O, 36 qolla ən yaxın izləyicisi Rauf Ağasənovu («Səbail») 9 top qabaqladı. Yeri gəlmişkən, ROİL-lə oyunda Mehrac «penta-trik»lə yadda qaldı.
«Qəbələ»nin digər futbolçusu Rauf Rüstəmli ilə təşkilatçıların fikrincə, birinciliyin ən yaxşı futbolçusu seçildi. Yeri gəlmişkən, «Het-trik news» U-16 Liqasının ən yaxşı futbolçusunu seçmək məqsədilə çempionatda iştirak edən komandaların baş məşqçilərin fikirlərini öyrənib. Artıq, nəticələr məlumdur və bir müddət sonra bizim versiyaya görə çempionatın ən yaxşısının adını açıqlayacağıq. Ötən il keçiridiyimiz sorğunun nəticəsinə görə «Qəbələ»nin futbolçusu Kamal Kazımov U-15 Liqasının ən yaxşısı adına layiq görülmüşdü. Bu ilki sorğuya əsasən isə qalib başqa futbolçudu.
U-16 Liqasının yekunları ilə bağlı daha ətraflı növbəti yazımızda bəhs edəcəyik. İndi isə 26-cı turda qeydə alınan nəticələri təqdir edirik:
«Turan Tovuz» - «Sabah» 0:2
«Zirə» - «Neftçi» 2:2
«Sumqayıt» - «Viləş» 3:0
«Keşlə» - İsgəndər Cavadov BFA 1:0
«Qarabağ» - «Neftçi» İK İB 3:0
«Qəbələ» - ROİL 11:0
Gəncə TİM – «Səbail» 0:1
Bombardirlər: Mehraç Baxışəliyev («Qəbələ») – 36 qol, Rauf Ağasənov («Səbail») – 27 qol, Vaqif Həsənov («Keşlə») – 22 qol, Arif Məmmədov («Səbail») – 20 qol.
«Het-trik news» qəzeti