“Sabah”ın yetirmələri Madridə yollanır

16:08 22 Aprel 2019

"Sabah” Futbol Klubu uşaq futbolunun inkişafı yönündə növbəti layihəyə imza atır.

 

Sportarena.az xəbər verir ki, "Sabah”ın U-12 komandasının üzvləri mayın 28-də İspaniyanın paytaxtı Madridə yola düşəcəklər. Bu barədə bu gün keçirilən mətbuat konfransında məlumat verilib.

 

"Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov konfransı giriş sözü ilə açaraq bildirib ki, azyaşlı futbolçular "Dostluq üçün futbol” (Football for friendship) layihəsi çərçivəsində keçirilən turnirə qatılacaqlar. Bu layihədə dünyanın müxtəlif ölkələrindən 200 komandanın təmsilçiləri iştirak edəcəklər. U-12 komandasının üzvləri Ayxan Əlizadə, Babamirzə Mehdiyev, eləcə də Fatimə Məhərrəmli "Sabah”ı və Azərbaycan futbolunu uğurlar təmsil etməyə çalışacaqlar. Timur Jeltinkov isə azyaşlı futbolçuları jurnalist kimi müşayət edəcək. Çempionlar Liqasının finalı ərəfəsində keçirilən turnir çərçivəsində uşaqlar final qarşılaşmasını da izləyəcəklər.

 

Konfransda bildirilib ki, futbolçular ədalətli seçim əsasında müəyyənləşdirilib. Onlar AFFA-nın keçirdiyi U-12 liqasında fərqlənənlərdi. Eyni zamanda da bu futbolçuların yer aldığı "Sabah”ın U-12 komandası Türkiyənin İzmir şəhərində keçirilən "İzmir Cup” da da uğurla çıxış ediblər.

 

Əvvəllər bu turnirdə Azərbaycanı "Şahdağ”ın yetirmələri təmsil edib. "Dostluq üçün futbol” (Football for friendship) layihəsi artıq yeddinci ildir ki, keçirilir. Layihənin baş ofisi Moskva şəhərində yerləşir.


Digər xəbərlər

Xəbər xətti