Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev futbolpress.az-a müsahibə verib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Ramin müəllim, kubokun finalı Naxçıvanda keçiriləcək?
- Bəli, 19 mayda final matçı Naxçıvanda təşkil ediləcək.
- Niyə?
- Çünki Naxçıvan rəhbərliyi bu işin ən yaxşı səviyyədə təşkil edilməsi üçün bizə çox böyük dəstək verir. Həm də Naxçıvan əhalisinin futbol bayramı yaşaması haqqı var.
- Klublar Komitəsinin son iclasından sonra açıqlama verilmişdi ki, finalın Naxçıvana salınması klubları narazı salıb...
- Bu barədə bizə hər hansı rəsmi, ya da şifahi müraciət edilməyib. Niyə narazı olsunlar, nə əsasla? Bunu başa düşə bilmirəm.
- Yol uzaqlığı, nəqliyyat və s. məsələlər yəqin...
- Əsassız fikirlərdir. Naxçıvan Azərbaycan torpağıdır. Nə yol uzaqdır, nə də hansısa nəqliyyat problemi var. Qəti qəbul eləmirəm belə fikirləri. Onlar ordan bura gəlirlərsə, biz niyə ora getməyək? Neçə dəfələrlə görmüşəm, "Neftçi"nin, "Qarabağ"ın oyunlarında Naxçıvandan gəlib stadionda baxanlar var.
- Təşkilatçılıqla bağı hər şey qaydasındadırmı?
- Bunadək iki dəfə finalı Naxçıvana salmışıq - kubokun finalı və superkubok. Hər ikisində şəhərin bütün idarə orqanları və ən yüksək səviyyədə rəhbərlik işlərin təşkili ilə sıx maraqlanıb. Ən xırda problem də çıxmayıb.
- Naxçıvanın iqlimi kontinentaldır. Stadionda projektor yoxdur deyə, oyun günün işıqlı vaxtına salınır. Sonuncu finalda istidən şikayətlər vardı...
- Həmin vaxta hava şəraitiylə bağlı narahatlıq gözlənmir.
- Bunaqədərki oyunlarda azarkeşlərin Naxçıvana gediş-gəlişi üçün narahatlıq yaranmışdı...
- PFL bu məsələdə dəstək verib. Lazım olsa, bu dəfə də həmin gün üçün Naxçıvana uçuşların sayını artırmaqçün AZAL-la danışarıq. Nəqliyyat, gediş-gəlişdə heç bir problem olmaz. Bundan əvvəl də olmayıb.
- Gündəmin aktual mövzularından biri də hakimlikdir. De-yure olmasa da, de-fakto PFL-in kurasiyasında olan ərəfələrdə də hakimlik sıx müzakirə edilirdi. Lakin son 1-2 ildi tənqidlər xeyli azalmışdı. Komitələrdə islahat və rəhbərlik dəyişikliyindən sonra yenidən səhvlər sıralanıb...
- Hakimlik PFL-ə hüquqi cəhətdən bağlı olub. Müəyyən detallarda bu belə idi. Yəni qeyri-qanuni bağlılıq doğru fikir deyil. Hakimlik elə bir məsələdir ki, burda həmişə səhvlərdən danışılacaq. Siz dediyiniz dəyişiklikdən sonra dəyişilən əsas məsələ odur ki, indi klub nümayəndələri əllərində disk tutub üstümüzə gəlmirlər, hər xırda epizoda görə şikayət etmirər, ümumiyyətlə, hamı razıdır, narazılıq edən yoxdur.
- Bir az ironiya...
- Yox, qətiyyən. Hamı razıdr ki, gənc hakimlər gəlsin, onlara şans verilsin. Mən də yeni dəyişiklikdən razıyam. Onlara dəstək var, gənc hakimlər də bilirlər ki, səhv etsələr də, onların arxasından çəkilməyəcəklər.
- Gəncləşdirmə anarxik formada aparılır sanki. Problemlər də bəlkə burdan qaynaqlanır...
- Siz hansı problemləri nəzərdə tutursunuz? Narazılıq edən yoxdur axı. O, əvvəl idi, klub nümayəndələri hər tur sonra PFL-in üstünə gəlirdilər. İndi heç kim narazılıq eləmir. Əsas odur ki, hakim qərəzli idarəçilik eləməsin. Mən indiki gənc hakimlərin 90 faizindən razıyam.
- Siz həmişə deyirdiniz ki, gənc hakimləri çox tənqid etməyin, onlara dəstək olun. Ən çox da Əliyar Ağayevin adını çəkirdiniz. İndi Əliyar UEFA-nın diqqətindədi, xeyli irəliləyib. Yeni gəncləşdirmə siyasəti də bizə əliyarlar qazandıracaqmı?
- Proses düzgün gedirsə, olacaq. Belə məsələlərdə konkret fikir bildirmək çətindi. Böyük vaxt lazımdır. Tofiq Bəhramovdan, Əldar Əzimzadədən sonra Əliyar çıxdı. İndi Əliyarın daha da inkişaf eləməyi lazımdır. Son zamanlar az təyinat alır. Bilmirəm əsl səbəb nədir. Bunu diqqətdə saxlamaq lazımdır. Əvvəlcə irəli gedənimizə lazımlı dəstək vermək lazımdır ki, gənclərdən də filankəsov filankəsi qazanmaq mümkün olsun.
- Gəncləşdirmə prosesində işə yanaşmada qəribəliklər var. Gənc hakimlər əsasən iddialı komandaların oyunlarına təyin edilir. Məsələn, "Sabah" - "Neftçi" oyununda (0:2) gənc hakim Rövşən Rəcəbov meydan sahibinin müdafiəçisinə iki "sarı" göstərdi. Epizodları təhlil edəndə görünür ki, qərar yanlışdır. Hesab 0:0 olarkən komanda azlıqda qalır, oyunun məcrası dəyişilir.
- Hər iki "sarı"nı haqlı hesab edirəm. Müdafiəçi kobud oynayır, hakim güzəşt eləməməkdə haqlıdır. Gənclərdən xoşuma gələnlərdən biri də elə odur. Yenidilər, səhvləri olacaq. Əsas odur, özlərinə inansınlar. Həyat belə getməyəcək ki, dəyişikliklər olacaq.
- Maraqlı ifadə idi. Bəli, həyat sabit getmir, dəyişikliklər olur. Siz konkret nəyi nəzərdə tuturdunuz?
- (Gülür) Yozmayın. Başqa nəsə nəzərdə tutmuram. Nədən danışırdıqsa, o məsələlərə aiddir.
- Ümumiyyətlə, PFL-in passivliyində dişiklik olacaq? Əvvəllər daha fəal idiniz. Yəqin büdcəniz daha geniş olduğu üçün layihələr də reallaşdıra bilirdiniz, sonra...
- Hakimliklə bağlı istəyirəm ki, nə mən, nə PFL, nə Elxan Məmmədov, nə Rövnəq Abdullayev, nə də bir başqası - AFFA rəhbərliyindən heç vaxt heç bir şəxs hər hansı hakimə göstəriş vermir. Əmin olun. PFL-in əvvəlki günlərinə qayıtması mümkündür, ancaq doğru deyirsiniz ki, bu, büdcədən asılıdır. İşləyirik, axtarışdayıq. Sponsorlar, müvafiq idarələrdən yeni təkliflər olarsa, planlarımız, ideyalarımız var, onları həyata keçirəcəyik. Möcüzələr olur.