Azərbaycan millisi yenidən ənənvi problemlə üzləşib.
Sportarena.az xəbər verir ki, Slovakiya və Macarıstanla məsul oyunlar öncəsi millimizə yoxlama görüşü keçirmək üçün rəqib tapılmayıb.
Əvvəlcədən bu qarşılaşmalar ərəfəsində millinin xarici ölkələrdən birində toplanış keçirəcəyi, ortabab komandalardan biriylə gücünü sınayacağı deyilirdi. Amma sonradan AFFA başbilənləri bu fikirdən vaz keçiblər. Ehtimal olunur ki, millinin Litva ilə oyunda sönük oynaması AFFA-nın da komandaya bəslədiyi sönük ümidləri öldürüb. Xaricdəki təlim-məşq toplanışı artıq xərcə çevrilib.
Millimiz çətin görüşlərdən öncə Bakıda yığışacaq. AFFA-nın danışıq apardığı rəqiblərdən heç biri Bakıya gəlməyə razılaşmayıb. Belədə Yurçeviçin komandası rəqibsiz qalıb.
Çətin vəziyyətdə qalan AFFA unikal çıxış yoluna əl atıb. Belə ki, millimiz Slovakiya və Macarıstandan əvvəl Milan Obradoviçin çalışdırdığı U-21 komandamızla qarşılaşacaq. Görüş iyunun 1-də Mərdəkan qəsəbəsindəki "Dalğa Arena”da keçiriləcək.
Bu görüşün milliyə nə verəcəyini isə zaman göstərəcək. (Sport7.az)