AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalistləri arasında 2 ay müddətində təşkil edilən Avropa Liqası Baku 2019 // “Media Cup-4” turniri başa çatıb.
Sportarena.az xəbər verir ki, dünən AFFA-nın Futbol Akademiyasının meydançasında son turun oyunları keçirilib. Əvvəlcə meydana “Bakı” və “CBC Sport” komandaları çıxıb. Birincilər qarşılaşmada 5:1 hesabı ilə qələbə qazanaraq Liqada ikinci yeri tutub. Son görüşdə isə “İdman Azərbaycan” və “MX United” üz-üzə gəlib. Dramatik matçda Mətbuat xidmətlərindən ibarət komanda 4:1 hesabı ilə qələbə qazanaraq “Media Cup-4”ün qalibi adını qazanıb.
Qeyd edək ki, 28 oyunun keçirildiyi Liqada ümumilikdə 89 idman jurnalisti qeydiyyatdan keçib.Son qarşılaşma başa çatdıqdan sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, İctimai Futbol Təşkilatları İB-nin prezidenti Elxan Tağızadə, futbol veteranı Asim Xudiyev və futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli iştirak edib.
“Media Cup-4”ün ən sərrast futbolçusu 17 qolla Sərxan İbrahimoğlu (İdman Azərbaycan) olub. Yarışın ən yaxşı futbolçusu Emin Abbasov (CBC Sport), ən yaxşı qapıçısı isə Ramiz Mirzəzadə (İdman Azərbaycan) seçilib. “Partizan” komandası isə “FAİR PLAY” mükafatına sahib çıxıb. Bundan başqa, Xəzər TV və “Futbol+” qəzeti turniri ən yaxşı işıqlandırdığı üçün təşəkkür plaketi alıb.
İlk 3 yeri tutan komandalara diplom, medal və kubok, qalib komandaya isə UEFA Avropa Liqası Baku 2019 Əməliyyat Qrupunun xüsusi hədiyyələri təqdim edilib.
1. MX United 7 6 0 1 41-17 18
2. Bakı 7 5 1 1 29-6 16
3. İdman Azərbaycan 7 5 0 2 34-10 15
4. İnternasional 7 3 2 2 35-22 11
5. CBC Sport 7 2 2 3 25-27 8
6. Xəzər 7 2 0 5 15-36 6
7. Partizan 7 2 0 5 16-52 6
8. Futbol+ 7 0 1 6 16-39 1
Bombardirlər: Sərxan İbrahimoğlu (İdman Azərbaycan) – 17, Nurlan İbrahimov (MX United) – 15.