Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Qarabağ”a səfərdə 1:2 məğlub olmasına rəğmən, evdəki 1:0-lıq qələbə sayəsində finala çıxan "Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib.
Sportarena.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə qələbəyə bərabər məğlubiyyəti dəyərləndirib:
"Bilirdik ki, ağır oyun olacaq. "Qarabağ" bütün rəqibləri üzərində daim üstün olur. Evdə qalib gəlsək də, bilirdik ki, çox çətin olacaq. "Qarabağ”ı mübarizədən kənarlaşdırmaq böyük xarakter tələb edirdi. Futbolçuları təbrik edirəm. "Qəbələ” 4-cü dəfədi ki, finala çıxır. Bu dəfə kuboku əldən vermək fikrimiz yoxdu.
- 2:0-dan sonra ümidləriniz tükənmişdi?
- Sona qədər özlərinə inanmağa çağırmışdıq uşaqları. Şükürlər olsun ki, özlərinə inandılar. Özüm də inanırdım ki, lazım olan qolu vura biləcəyik.
- Finalda "Zirə”ni, yoxsa "Sumqayıt”ı görmək istəyərdiniz?
- Fərq etmir. Çünki final 1 oyundan ibarətdi. Burda emosialar düzgün cilovlanmalıdı. Qarşılaşmaya maksimal konsentrasiya ilə çıxmaq lazımdı.
- Naxçıvana gedəcəksiniz? Hər halda, finalda məşqçilər üçün ayrılan yerdə olmayacaqsınız…
- (gülür) Gedəcəm. Orda tribunada yerim olacaq.
- Texniki zonada olmamağınız komandaya nə dərəcədə təsir edəcək? Hər halda, komanda siz qovulduqdan sonra vurdu.
- Konsentrasiyanı itirməməliyik. Oyuna maksimum hazırlaşmalıyıq.
- Oyundan əvvəl mükafatın nə qədər olacağı bilinirdi?
- Xeyr. Bir amalımız var idi. Kuboku istefa vermiş Tale Heydərova ərmağan etmək istəyirik.