Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu avtobus qəzasında həyatını itirən “Alanyaspor”un futbolçusu Jozef Suralın xanımı Denisa, qızları Vanessa və Melissanı Çexiyanınn paytaxtı Praqaya özəl təyyarə ilə göndərib.
Sportarena.az xəbər verir ki, futbolçunun cənazəsi ilə birlikdə ailəsi dünən Türk Hava Yollarına aid təyyarə ilə ölkəsinə yola salınıb. Klub prezidenti Hasan Çavuşoğlu hər zaman ailəyə dəstək olacaqlarını deyib: “Hər zaman ailənin yanında olacağıq. Onların proqramı bəlli olduqdan sonra “Alanyaspor” olaraq dəfnə yollanacağıq”.
Bundan başqa “Alanyaspor” nümunəvi addım atıb. Bildirilir ki, klub 2,5 illik müqavilə bağladığı futbolçunun sözləşməsinin sonuna qədər olan bütün qaydalara əməl edəcək. Hətta onun hər maaşı da ailəsinə ödənəcək. Ölümündən öncə futbolçu Alanyada bəyəndiyi bir evə pul ödəyib. Klub rəhbərliyi ailəsinin çətin vəziyyətdə qalmaması üçün həmin məbləği geri qaytarıb.
Qeyd edək ki, “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu Türkiyə Xarici işlər naziri M. Çavuşoğlunun qardaşıdır.